Bakıdakı yeni tikililər zəlzələyə davam gətirəcəklərmi?
29 Oktyabr 2011 Şənbə 16:27
ANS PRESS bu sualın cavabını tapmağa çalışıb.
Türkiyənin Van bölgəsində oktyabrın 23-də baş verən çoxlu insan tələfatı və dağıntılarla müşayiət edilən zəlzələ sakinlərimizin yadına Bakıda 2000-ci ilin noyabrın 25-ni saldı. Yadınızdadırsa həmin gün paytaxtımızda 6,3 bal gücündə zələzələ baş vermişdi. Baş verən yeralı təkanlar paytaxtımızdakı tikililərə bir neçə kiçik çatlar nəzərə alınmasa elə də güclü təsir göstərməmişdi. Ancaq onu da etiraf etmək lazımdır ki, o vaxt Bakıda indi mövcud olan hündürmərtəbəli binaların demək olar ki, əksəriyyəti yox idi. Zəlzələyə davam gətirən binalar isə Sovet dövründə tikilmiş çoxumuzun “istifadə müddəti ötmüş” adlandırdıqları köhnə binalar idi. Görəsən indi Allah eləməmiş Bakıda növbəti zəlzələ baş verərsə yeni tikilən binalar təkanlara davam gətirə biləcəklərmi? Ümumiyyətlə paytaxtımızda mövcud olan köhnə binalara sakinlərimiz tərəfindən əlavələr edilməsi – eyvanlar artırılması, mənzillərin layihələlrinə dəyiklik edilməsi binanın möhkəmliyinə mənfi təsir edir? Ümumiyytlə Bakıda gedən tikinti prosesi əvvəlcədən tərtib olunmuş plana əsasən aparılırmı? Bütün bu suallara ANS PRESS mütəxəssislərdən cavab tapmağa çalışıb.

Binaların möhkəmliyi onun hansı qrunt üzərində tikilməsindən asılıdır

İlk növbədə Bakıda tikilən yeni binaların möhkəm olub-olmaması və bu tikililərin davamlılığını ümumiyyətlə müəyyənləşdirməyin mümkün olmasını araşdırmağa çalışdıq. “Bakıdövlətlayihə” İnstitunun mütəxəssisləri ilə söhbətimizdə binaların möhkəm olması üçün onların hansı qruntun üzərində “otuzdurulması”nın da vacib olduğu üzə çıxdı. Belə məlum oldu ki, binanın dözümlüyü onun çalasının (katlavan- red.) eyni növ qruntdan təşkil edilməsindən asılıdır. Əgər binanın bünövrəsi ayrı-ayrı qruntlar üzərində yerləşibsə belə bina daha az möhkəm bina sayılır. Belə ki, hər qruntun öz yükgötürmə qabiliyyəti olduğu üçün hər hansı təkan, yaxud da ağırlıq binada çatlar əmələ gəlməsinə səbəb olur. Bina tikilərkən tikiliyə həm sağdan soldan, həm arxadan, həm də diaqanal gələcək zəlzələ nəzərə alınaraq tikilir. Buna bənzər sınaqlar adətən keçmiş Sovet İttifaqında 70-ci illərdə Moskvaətrafı ərazidə “stroitelnıy poliqon” (tikinti poliqonu) adlanan məkanda aparılırdı. Burada tikilən binalara süni zəlzələ effekti tətbiq edilərək tikililərin neçə bal zəlzələyədək dözümlü olduqları müəyyənləşdirilirdi.
Qeyd edək ki, 2000-ci ildə Bakıda baş verən zəlzələyə dözən binalar da elə “Sovet dövrünün məhsulu” olan binalar idi.

Binaların tikintisi orada istifadə olunan armaturun keyfiyyətindən asılıdır

Mütəxəssilərlə söhbətimizdə bu da məlum oldu ki, binaların möhkəmliyinin ikinci amili tikilidə istifadə olunan armatur partiyasının keyfiyyətindən asılıdır. Əgər armaturun tərkibində daha çox karbon varsa, bu armaturlar daha kövrək olur və tez qırılır. Şübhəsiz ki, belə armaturlardan istifadə edərək tikilən binalar daha az möhkəm olur. Armaturun tərkibində karbonun daha çox olmasını isə ilk baxışdan müəyyənləşdirmək mümkündür. Belə ki, tərkibində karban daha çox olan armaturların içi dənəvər-dənəvər olur. Təkanlar baş verəcəyi təqdirdə binanın hansı mərtəbəsində karbonu daha çox olan armaurdan istifadə olunubsa həmin armaturların qırılma ehtimalı daha çox olur. Bu isə zəlzələ zamanı binanın çökmə ehtimalını artırır. Mütəxəssislərlə söhbətimizdən belə məlum oldu ki, armaturun möhkəmliyi onun hansı xam maldan hazırlamasından da çox asılıdır. Belə ki, metal filizinin ərintisindən hazırlanan armatur sonradan istifadə olunmuş rels, metal çən, paslanmış metal məmulatlardan əridilmiş xam maldan hazırlanmış armaturdan daha möhkəm sayılır.

Eyvanı artırılan binalar real təhlükə mənbəyidir

Bundan başqa Bakıda binalarla bağlı digər problem də sakinlərimiz tərəfindən layihəsinə müdaxilə edilmiş köhnə binarla bağlıdır. Mütəxəssislərlə söhbətimizdə belə məlum oldu ki, mənzillərin layihəsinə müdaxilə və artırılmış eyvanlar zəlzələ baş verəcəyi təqdirdə real təhlükə mənbəyidir. Hər bir binanın yükgötürmə qabiliyyəti var ki, bu da bina tikilən nəzərə alınır. Sonradan artırılmış eyvan binanın divarı üçün əlavə yük sayılır. Bu zaman binanın bir divarının yükgötürmə qabiliyyəti ilə digər divarının yükgötürmə qabiliyyəti arasında tarazlıq pozulur. Yeraltı təkanlar zamanı isə belə binaların uçması ehtimalı daha çox olur. Bu sanki bir insanın bir əlinə 5 kq, digər əlinə isə 15 kq yük götürməsinə bərabərdir. Yerində dayanan zaman həmin insan tarazlığını birtəhər saxlasa da hərəkət edən zaman yük tarazlığının pozulması səbəbindən büdrəməyə başlayır.

Bakının hava sirkulyasiyası pozulub

Bakıda digər problemli məqam isə yeni tikilən binalar səbəbindən paytaxtın hava sirkulyasiyasının pozulmasıdır. Memarlıq və şəhərsalma üzrə mütəxəssis Fuad Cəfərli Bakının ekoloji durumunun hazırda dözülməz həddə olduğuna diqqət çəkir. Fuad Cəfərlinin sözlərinə görə, plansız yeni tikilən binalar səbəbindən Bakının ətrafında “hava qapıları” qapanıb. “Biz Bakıda yaşadığımızdan bunu o qədər də hiss etmirik. Ancaq mən onu deyim ki, bu yaxınlarda mən xaricdən Bakıya qayıtmışdım. Bu zaman paytaxtın ekoloji durumu mənə çox pis təsir etdi. Bu şəraitə öyrəşmək üçün mənə bir qədər zaman lazım gəldi”, - deyə Fuad Cəfərli bildirib. Mütəxəssis paytaxtımızdakı “tikinti bumu”ndan sonra çoxlu qum qatının yarandığını və qumun külək zamanı havaya qalxaraq insanların səhhətinə mənfi təsir göstərdiyinə diqqət çəkir. “Biz bilirik ki, Bakı küləklər şəhəridir. Külək qalxan zaman isə bu qum insanların səhhətinə pis təsir edir. Görəsən şəhəri qumdan təmizləmək belə çətindir ki, indiyədək bu problem həllini tapmayıb?”, - deyə o bildirib.

Göründüyü kimi yeni tikilən binalarla bağlı problemlər çoxdur. Sakinlərimizi isə düşündürən ümdə məsələ zəlzələ olacağı təqdirdə tikililərin yeraltı təkanlara davam gətirib-gətirnəyəcəyi ilə bağlıdır. Bu məqalə ilə sakinləri maraqlandıran suallara nə dərəcədə cavab tapdığımızı bilmirik. Bircə arzumuz var ki, Allah bizi zəlzələ ilə sınağa çəkməsin. Əks halda Bakıda yaranacaq mənzərəni ağlımızdan belə keçirməyə qorxuruq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar