Bakıdakı “Eurovision” şousunun keçiriləcəyi səhnə və “Green room”ungörüntüsü
11 May 2012 Cümə 20:57
İlk dəfə olaraq “Green room” tamaşaçı zalında yerləşir.
“Eurovision-2012” şousunun keçiriləcəyi səhnə və “Green room” açıqlanıb. APA-nın müsabiqəsinin rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Baku Crystal Hall” həm səhnə, həm də “Green room” baxımından fərqlidir. “Eurovision” dünyanın 50-dən çox ölkəsində 100 milyondan artıq izləyicisi olan möhtəşəm şoudur. Miqyasına görə, Olimpiya Oyunları ilə müqayisə edilən Eurovision Mahnı Müsabiqəsi 40-dan çox ölkənin iştirak etdiyi və səhnə arxasında 1.000 nəfərdən artıq insanın çalışdığı bir yarışmadır. 6 həftə fasiləsiz gərgin iş rejimindən sonra artıq gözəl Bakı şəhərində - “Bakı Kristal Zalı”nda səhnə, işıq effektləri və televiziya avadanlıqları quraşdırılıb. “Bakı Kristal Zalı”nda istifadə olunan möhtəşəm işıqlandırma sistemi, 2500-dən çox proyektor, 3.000 metrdən artıq naqil 90 konteynerdə Almaniyadan Azərbaycana gətirilib. Səhnənin bəzi hazır elementləri 70 ədəd 40 tonluq yük maşınlarında 5.000 kilometr məsafə qət edərək Almaniyanın Hamburq şəhərindən Bakıya çatdırılıb. “Silk Way” hava yollarına məxsus 2 ədəd yük təyyarəsi ilə isə Avropanın müxtəlif şəhərlərindən müasir işıq-diod texnologiyası və videokamera sistemi Bakıya gətirilib. “Bakı Kristal Zalı”nın səhnəsində 1.300 m-dən artıq sahəsi olan işıq-diod ekranlar “elektron pəncərə”lər formasında yerləşdirilib. Bəziləri təyyarə qanadı ölçücüsündə olan və Düsseldorfdakı sonuncu Eurovision şousundan daha böyük ərazini əhatə edən bu ekranlarda 42 ölkə təmsilçisinin səhnədəki çıxışına uyğun maraqlı görüntülər yayımlanacaq. Eurovision Mahnı Müsabiqəsi 2011-in, “MTV Video Music Awards” və “X-Faktor”, Avropa və ABŞ-da keçirilən “Pop İdol” kimi şouların dizayneri, dünyaca məşhur Florian Wieder tərəfindən hazırlanmış bu ekranlar Eurovision Mahnı Müsabiqəsi 2012-nin ev sahibi Azərbaycanın “Bakı Kristal Zalı”nda görüntünün əsasını təşkil edir. Buradakı dizaynda arenanın səhnə və podiumları 3D formatında təqdim olunur, həm də Bakının heyrətamiz gecə mənzərəsi məşhur musiqi şousunun səhnəsində ekranlara gətirilir.
“Green Room”un pərdə arxasında deyil, tamaşaçıların əyləşdiyi zalda olması Bakı şousunu izləyicilər və ifaçılar üçün daha da yaddaqalan edəcək. Yeri gəlmişkən, Eurovision Mahnı Müsabiqəsində təmsilçilər və fanlar indiyədək bir-birinə hələ bu gədər yaxın olmayıblar.
Şounu hər bir detalınadək ekrana gətirmək üçün arenada xüsusi sistem vasitəsi ilə 25 HD kamera quraşdırılıb. Bu kameralar sisteminə auditoriyanın üzərində müxtəlif istiqamətlərdə hərəkət edən “Spidercam”, iki çəkiliş kranı, 2 ədəd “Steadicam” və relslər üzərində quraşdırılmış 2 ədəd kamera daxildir. Şou çəkilişində bir çox yeniliklər var. Məsələn, “Steadicam”ların və rels üzərindəki çəkiliş avadanlıqlarının birində eyni zamanda iki kamera quraşdırılacaq. Bu isə şouda müxtəlif rakurslardan çəkiliş aparmağa imkan yaradacaq. Bunun sayəsində Eurovision Mahnı Müsabiqəsi 2012-dən daha dinamik görüntülər yayımlanacaq.
Eurovision 2012 şousu Belçikadan Bakıya gətirilmiş və peşəkar canlı yayım mütəxəssisləri tərəfindən idarə edilən, ən modern səyyar televiziya stansiyaları vasitəsi ilə bütün Avropaya ötürüləcək. Hər hansı gözlənilməz texniki problem baş verərsə, bütün məşqlər və əsas şoular zamanı daim çalışan ehtiyyat səyyar televiziya stansiyası yayıma qoşulacaq. Dünya auditoriyasını stereo, eləcə də 5.1 Dolby Surround keyfiyyətli səslə təmin edən 2 müstəqil səyyar audio sistem də eyni prinsiplə işləyəcək.
“Bakı Kristal Zalı” tamamilə yeni və həm də istifadəyə verildikdən sonra ilk dəfə Eurovision Mahnı Müsabiqəsinin keçiriləcəyi arena olduğuna görə burada çalışan komandanın üzərindəki məsuliyyət də digər şoulardan fərqlənir.
Beləliklə, bir neçə ay davam edən gərgin işin sayəsində 3 möhtəşəm şou Sizi gözləyir!


DOSTLARINLA PAYLAŞ:

oyunlar