Bakıda zeytun emalı fabriki yaradılacaq
25 Fevral 2012 Şənbə 16:43
Xəzər rayonu üzrə investisiya layihələrinin qəbuluna başlanılıb.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakı şəhərinin Xəzər rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu Xəzər rayonunun Zirə qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.
Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Xəzər rayonu üzrə sahibkarlıq subyektlərindən müxtəlif istiqamətlərdə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Bunlar kiçik və ya orta həcmli istixanaların, zeytunçuluq təsərrüfatlarının və zeytun emalı fabrikinin yaradılması, eləcə də kiçik və ya orta həcmli müasir çörək istehsalı müəssisəsinin yaradılmasıdır.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
DOSTLARINLA PAYLAŞ: