Bakıda yolların buz bağlaması təcili yardımın işinə mane olur
28 Yanvar 2012 Şənbə 15:18
Ötən gün 5 təcili yardım maşını yollarda əzilib.
Bütün gecə yağan qar və güclü şaxta Bakıda yollarda nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib. “Azəryolservis” səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlovun verdiyi məlumata görə, respublikada yolların təmizlənməsinə 700 ədəd texnika cəlb olunub, onlardan 350-i Bakıda işləyir.
Lakin ANS-in əməkdaşlarının hətta şəhərin mərkəzində apardığı müşahidələr göstərib ki, qartəmizləyən maşınların sayı azdır. Şəhərin hündür ərazilərin- Yasamal, Əhmədli, Günəşli yaşayış massivlərində yolların buz bağlaması nəticəsində ictimai nəqliyyatın hərəkəti çətinləşib.
Yolların sürüşkən olması yol qəzalarına səbəb olur. Dövlət Yol Polisinin məlumatına görə, paytaxtda maddi ziyanla nəticələnən 6 yol qəzası baş verib. Polis vətəndaşlara şəxsi avtomobillərindən az istifadə etməyi məsləhət görür. Paytaxtda yol qəzaları zamanı 1 nəfər xəsarət alıb.
Ümumilikdə təxirəsalınmaz tibbi yardıma 1313 müraciət daxil olub. Lakin yolların buz bağlaması təcili yardımın işinə mane olur. Ötən gün 5 təcili yardım maşını yollarda əzilib.
DOSTLARINLA PAYLAŞ: