Bakıda yaşayan xristianlar Pasxa bayramını qeyd edir
24 Aprel 2011 Bazar 19:33
Metyu Brayza: "Bu mənim həm karyeramda, həm də həyatımda ən gözəl Pasxadır".
Bu gün dünya xristianları Pasxa bayramını qeyd edir. Bütün kilsələrdə dini ayinlər keçirilir. Gecədən başlayan bayram tədbirləri bu gün də davam etdirilib. Bakıda yaşayan katolik xristianlar kilsələrə toplaşaraq dini ayinlər icra edib. Onların arasında Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayza da olub.

Bakıda Pasxanın havasını hiss etdiyini deyən M.Brayza ilk dəfədir bu bayramı burada qeyd etdiyini bildirib: “Bu çox gözəldir. Bu mənim həm karyeramda, həm də həyatımda ən gözəl Pasxadır. Azərbaycan xalqına və buradakı dostlarıma sülh arzulayıram. Biz nəinki əməkdaşlıq edirik, biz həm də dostuq”.

Azərbaycandakı Katolik Kilsəsinin rəhbəri Vladimir Fekete və Vatikanın Cənubi Qafqaz üzrə nümayəndəsi Klaudio Quqerotti isə Azəbaycanda digər dinlərin bayramlarının yüksək səviyyədə təşkil olunduğunu deyərək, bunun tolerantlığın göstəricisi kimi qiymətləndiriblər və xristianlarla yanaşı bütün Azərbaycan xalqını təbrik ediblər.

Katolik xristianlarla yanaşı Azərbaycanda yaşayan pravoslavlar da bu saatlarda pasxanı qeyd edir. Bayram günü mömin pravoslavlar hazırladıqları şirniyyatı kilsəyə gətirir, onu ruhanilərin duası və müqəddəs su ilə paklaşdırır.

Pravoslav kilsənin keşişi Yefrem ata insanlara əzab və əziyyətin olmamasını arzu edib: “Dahi və müqəddəs torpağa, Azərbaycana, bu bayram günündə xalqın sevinc içərisində yaşamasını arzu edirəm. Dahi xalqa və onun prezidentinə can sağlığı və uzun ömür arzulayıram”.

Müsəlmanların orucluq və qurban bayramlarında olduğu kimi, Pasxada da kimsəsizləri, imkansızları sevindirmək bayramın vacib elementlərindən sayılır. Maraqlıdır ki, pasxa ilə bağlı Azərbaycanda illərlə formalaşmış ənənələr var. Xalq arasında mövcud inanca görə, baharda hava Pasxadan sonra istiləşməyə başlayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar