Bakıda “WorldFood Azerbaijan-2012” sərgisi işə başlayıb
15 May 2012 Çərşənbə Axşamı 11:50
Tədbiri Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov çıxışı ilə açıb.
Bu gün Bakıda Böyük Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə XVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“WorldFood Azerbaijan-2012”) işə başlayıb.

ANS PRESS-in məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bildirib ki, kənd təsərrüfatı Azərbaycanın qida sənayesinin inkişafında mühüm rol oynayır. Nazir kənd təsərrüfatı məhsulları istehsalçılarını məhsul istehsalını artırmağa çağırıb: “Bu, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayacaq”.

Qeyd edək ki, mayın 17-dək davam edəcək sərgidə 24 ölkədən 120 şirkət iştirak edir. Səudiyyə Ərəbistanı, Əfqanıstan, Braziliya, Misir və Serbiya şirkətləri sərgiyə ilk dəfədir qatılır. Sərgidə eyni zamanda Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, Norveç, Belçika, Niderland və digər ölkələr iştirak edir.

“WorldFood Azerbaijan-2012” sərgisi bir meydançada “WorldFood”, “WorldDrink” və “WorldFoodTech” kimi tematik sərgiləri bir araya gətirməklə qida sənayesinin faktiki olaraq bütün sahələrini əhatə edir. Ümumilikdə isə sərgidə mal və quş əti, konservləşdirilmiş ərzaq, dondurma, baqqaliyyə məhsulları, inqrediyentlər, soyutma sistemləri, qənnadı məmulatları, içkilər, habelə qida sənayesinin müxtəlif sahələri, super-marketlər, laboratoriya təhlilləri və s. üçün avadanlıqlar nümayiş olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar