Bakıda qızıl mağazaları yoxlanılır
31 Yanvar 2012 Çərşənbə Axşamı 16:34
Satışda olan bəzi məmulatların dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub
Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən ticarət mərkəzində aparılan nəzarət tədbirləri zamanı üzərində göstərilmiş əyarlara uyğun gəlməyən, hətta qiymətsiz metallardan hazırlanmış məmulatlar satıldığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası qanununun tələblərinə əməl edilməsi ilə bağlı həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 3005-ci məhəllə ünvanında yerləşən "Çiçək" kooperativinə məxsus "Sofulu" Ticarət Mərkəzində dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən, hətta qiymətsiz metallardan hazırlanmış məmulatların istehlakçılara təklif edilməsi faktlarının kütləvi xarakter daşıdığı müəyyən edilib.

Belə ki, adıçəkilən Ticarət Mərkəzində aparılan yoxlama zamanı satışda olan bütün məmulatların, yəni 3515 ədəd zərgərlik məmulatının dövlət əyar damğası ilə damğalanmadığı müəyyən olunub. Həmçinin alıcılara təklif edilən qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının 30 faizinin əyarlarının, məmulatın üzərində qeyd edilən əyardan aşağı olması faktları aşkar edilib.

Keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmış zərgərlik məmulatlarını almağı tövsiyə edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar