Bakıda Qafqaz Xalqlarının Ali Dini Şurasının toplantısı keçirilir
21 Dekabr 2011 Çərşənbə 15:19
Hacı Allahşükür Paşazadə: "Qafqaz bizim ümumi evimizdir".
Qafqazın dini liderləri dialoqu gücləndirməli, sabitliyi və milliyyətindən, dinindən asılı olmayaraq insanların sülh içində yaşamasını təmin etməlidirlər. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bəyan edib.

“Bu gün dinlərarası dialoqa heç vaxt olmadığı kimi tələbat var. Qafqaz bizim ümumi evimizdir. Bu evin layiqli gələcəyi üçün ruhanilər əllərindən gələni əsirgəməməlidirlər. Təəssüf ki, Qafqazda sabitlik hələ bərqərar olmayıb və Qafqazın ruhaniləri bu hadisələrin nəinki şahidi, hətta terror aktlarının qurbanı da olurlar”, - deyə A.Paşazadə bu gün Qafqaz Xalqlarının Ali Dini Şurasının hesabat toplantısında bildirib.

Bundan başqa, o, Qafqaz Xalqlarının Ali Dini Şurasının cari ilin may ayında Bakıda keçirilən toplantısı haqqında danışıb.

Şeyxülislam xalqlar arasında dinlərarası dialoqun möhkəmləndirilməsində dövlətlərin, xüsusən Rusiya və Azərbaycan rəhbərliyinin rolunu vurğulayıb.

Toplantıda Adıgey Respublikasının müftisi Yemij Nurbıy, Dağıstan Respublikasının müftisi Əhməd Abdullayev, Kalmıkiya Respublikasının müftisi Sultanəhməd Karolayev, Kabardin-Balkar müftisinin müavini Şarafaddin Çoçayev, müfti, QMİ-nin Moskvadakı nümayəndəsi Şafiq Pşixaçev, QMİ-nin Gürcüstandakı nümayəndəsi Əli Əliyev, QMİ-nin Dərbənddəki nümayəndələri Şahabuddin Kərimov və Seyidhaşim Taibov, Tatarıstan Respublikası Prezident Aparatının dini işlər üzrə nümayəndəsi Marat Qatin, Şimali Osetiyanın və Alaniyanın müftisi Hacımurad Qadsalov iştirak ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar