Bakıda pulsuz paylanan qəzet nəşrə başladı
06 Aprel 2012 Cümə 15:09
“New Baku Post”un ilk sayı bu gün işıq üzü görüb
Bu gündən Azərbaycanın media məkanına yeni qəzet daxil olur. Azərbaycan və rus dillərinə çap olunan, 24 səhifəlik “New Baku Post” qəzetinin təsisçisi Tural Əliyev, baş redaktoru Tofiq Abbasov, rus bölməsinin baş redaktoru isə Kənan Quluzadədir.

Qəzetin baş redaktoru Tofiq Abbasovun ANS PRESS-ə verdiyi məlumata görə, hər həftənin cümə günü işıq üzü görəcək nəşr bir çox baxımdan Azərbaycan media məkanına yeniliklər gətirəcək. Belə ki, tirajı 10 min olan qəzet oxuculara pulsuz paylanacaq. “New Baku Post” qəzeti ali məktəblər, müxtəlif nazirliklər, biznes mərkəzləri, iri supermarketlər də daxil olmaqla Bakının 50-yə yaxın nöqtəsində paylanır. Qəzeti yaratmaqda əsas amal isə Azərbaycanda yeni sözün deyilməsidir.

“Biz bilirik ki, hazırda gənc nəsil qəzet oxumağa bir o qədər də meyl östərmir. Buna görə də “New Baku Post” qəzetini yaratmaqla biz cəmiyyətdə yeni mükamilə meydanı yaratmaq istəyirik. Biz bu qəzeti ümumxalq qəzeti formasında görürük. “New Baku Post” qəzetində ictimai proseslərə, siyasi məqamlara, sosial problemlərə, idmana, humanitar sahəyə bir sözlə, ümumilikdə bütün sahələrə yer ayrılacaq”, - deyə Tofiq Abbasov bildirdi.

Baş redaktor qəzetin komandasının 90 faizinin artıq formalaşdığını deyir. Tofiq Abbasovun sözlərinə görə, komanda üzvlərinin içərisində kifayət qədər təcrübəli yazarlar və redaktorlar var. Qəzetin eyni adlı saytının da bu günlərdə işə başlayacağı planlaşdırılıb.

Qəzetin maliyyə məsələsinə gəlincə Tofiq Abbasov “New Baku Post”un biznes-layihə olduğunu və reklamlar hesabına ayaqda qalmağı düşündüklərini qeyd edib.

Qəzetin təsisçisi Tural Əliyev isə ANS PRESS-ə açıqlamasında bildirdi ki, artıq qəzetin bu günə olan nömrəsi tamamilə paylanıb. Gələn həftələrdən nəşrin tirajının iki dəfə artırılması planlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar