Bakıda marşrut sürücülərinə zorla uniforma satılır
13 Mart 2010 Şənbə 13:50
Bakıda marşrut sürücülərinə zorla uniforma satılır. Geyimin qiymətinin 160 manat olduğu bildirilir.
Bakı şəhərinin sərnişindaşıma avtobuslarının sürücülərinə məcbu qaydada uniforma, yəni vahid geyim satılır. Marşrut avtobus sürücülərinin ANS PRESS-ə verdiyi məlumata görə, bu vahid sürücü geyimi onlara nə az, nə çox, düz 160 manata satılır.
Sürücülər deyir ki, məsələ ilə bağlı Nəqliyyat Nazirliyinə müraciət ediblər. Amma Nazirliyin Nəqliyyat Departamentindən onlara bildiriblər ki, bu məbləğ nazirlik tərəfindən təyin edilib və məcburi də olsa hər kəs bu uniformaları almalıdır. Əks təqdirdə, nəzərdə tutulan uniformada olmayan sürücü və onun idarə etdiyi marşrut avtobus hərəkət etdiyi marşrut xəttinə buraxılmayacaq.
Nəqliyyat Nazirliyi katibliyinin rəhbəri Namiq Həsənov isə sürücülərin dedikləri ilə razılaşmır. Nazirlik rəsmisi ANS PRESS-ə bildirib ki, ümumiyyətlə Nəqliyyat Nazirliyi Bakı şəhərində vahid sürücü geyiminin tətbiq olunmasının tərəfdarıdır və bununla bağılı uzun müddətdir ki ciddi iş aparır. Onun sözlərinə görə, bura təkcə vahid sürücü geyimi aid deyil: “Biz çalışırıq ki, şəhərdaxili nəqliyyatın qrafiklə tənzimlənməsi, hətta avtobus salonlarının təmiz saxlanılmasınadək bu işi həyata keçirək. Bu səbəbdən də nəqliyyatda vahid uniformanın tətbiqini dəstəkləyirik”.
N.Həsənov deyir ki, Nəqliyyat Nazirliyi uniformaya hər hansısa qiymət tətbiq etməyib: “Heç nəqliyyatda gediş haqqının təyin edilməsini də biz həyata keçirmirik. Bunu Tarif Şurası təyin edir. Mənim bu uniformaların qiymətinin neçəyə olub-olmamasından xəbərim yoxdur. Amma inanmıram ki, bu geyimlərin bu cür baha qiymətə olsun”.
Nazirlik rəsmisi deyir ki, ola bilsin, bu qiyməti özəl sərnişindaşıma şirkətləri özləri təyin ediblər və bu səbəbdən də uniformaları öz sürücülərinə bu qiymətə satırlar və nazirliyə də bu qiymətlə bağlı heç bir sürücü tərəfindən rəsmi müraciət daxil olmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: