Bakıda İsrail əleyhinə aksiya keçirildi
01 İyun 2010 Çərşənbə Axşamı 13:45
Bakıda İsrail əleyhinə aksiya keçirildi. Aksiya Türkiyənin Bakıdakı səfirliyi qarşısında olub.
Bu gün "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi Türkiyənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirib. Birlikdən ANS PRESS-ə verilən məlumata görə, aksiyada İsrailin mayın 31-nə keçən gecə Qəzzaya humanitar yardım aparan gəmi karvanına basqını pislənilib və qınanılıb. Aksiya iştirakçıları Türkiyə Cümhuriyyətinə və Türk xalqına dəstəklərini və həmrəyliklərini bildiriblər.
Əllərində Türkiyə, Azərbaycan bayraqları tutan aksiya iştirakçıları "İsrail barbar", "İsrail qatil" plakatları tutub, "Bir millət, iki dövlət Azərbaycan - Türkiyə", "Türkyənin dərdi -Azərbaycanın dərdi", "Məhv olsun İsrail!" və s. şüarlar səsləndiriblər.
Aksiyanın sonunda İctimai Birliyin məktubu diplomatik missiyaya təqdim edilib.
Məktubun mətni belədir:
"Türkiyə hökümətinin hörmətli səfirliyinə
2010-cu il mayın 31-nə keçən gecə İsrailin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Donanmasının Qəzzaya humanitar yardım aparan gəmi karvanına hücum etməsi nəticəsində 19 nəfər həlak olub, 100-ə yaxın insan isə yaralanıb. "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi bu vəhşilik təcəssümü olan əməliyyat nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, eləcə də bütün Türk xalqına dərin hüznlə başsağlığı verir, Rəbbimizdən şəhidlərə rəhmət diləyir.
Bu çətin sınaq anında bəyan edirik ki, hər bir azərbaycanlı və müsəlman kimi, biz Türk qardaşlarımızın yanındayıq və hadisələrin istənilən ssenari üzrə cərəyan edəcəyi təqdirdə bu dəstəyi və həmrəyliyi davam etdirəcəyik.
Əmin olmaq istərdik ki, çoxəsirlik tarixə malik Türkiyə bu ağır zərbə qarşısında mətinliklə duruş gətirəcək və aşkar quldurluq əməllərinə əl atan müqəssirləri layiqincə cəzalandıracaq. Eyni zamanda uca Rəbbimizdən bu qanlı olayları törədənlərin tezliklə İlahi bir cəzaya yetmələrini diləyirik.
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi" ANSPRESS
DOSTLARINLA PAYLAŞ: