Bakıda döyülən Britaniya vətəndaşı Azərbaycanı tərk etməyə hazırlaşır
18 İyun 2011 Şənbə 21:13
Digər zərərçəkən ABŞ vətəndaşı Amanda Erikson isə hələ ki, bu addımı atmağı düşünmür.
Bir neçə gün əvvəl paytaxtın Yasamal rayonu ərazisində naməlum şəxslər tərfindən döyülən əcnəbi vətəndaşlardan biri, britaniyalı Silviya Devs Azərbaycanı tərk etməyə hazırlaşır. Digər zərərçəkən, Amerika Birləşmiş Ştatları vətəndaşı Amanda Erikson isə hələ ki, bu addımı atmağı düşünmür. Döyülmə faktı ilə bağlı istintaqı araşdıran əməliyyat qrupu isə məhkəmə tibbi ekspertizası təyin edib.
Amerika vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Silviya Devisin döyülməsi faktı ilə bağlı cinayətin açılması və icraçılarının müəyyən edilib tutulması üçün Daxili İşlər Nazirliyinin və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və intensiv tədbirlər həyata keçirilir.
Xatırladaq ki, Daxili işlər Nazirliynin yaydığı məlumata görə, zərərçəkmiş şəxslər dindirilib, onu törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib. Görülən işlər daxili işlər naziri Ramil Usubovun şəxsi nəzarətindədir.
Yasamal rayon Polis İdarəsinin müstəntiqi Erol Əliyevin ANS-ə verdiyi məlumata görə, hələki faktla bağlı saxlanılan yoxdur.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən ANS-ə verilən məlumata görə isə bir neçə gündən sonra Silviya Devis Azərbaycanı tərk edib ölkəsinə gedəcək.
Xatırladaq ki, iyunun 15-dən 16-na keçən gecə saat 00.20 radələrində Amanda Erikson və Silviya Devis dörd nəfər naməlum şəxs tərəfindən döyülüb. Hadisənin xuliqanlıq zəminində baş verdiyi bildirilir. Amma xuliqanlıqla yanaşı hadisənin bir sıra qüvvələrin təxribatı olduğu da istisna edilmir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: