Bakıda daha bir Türkiyə bayrağı yığışdırıldı
21 Oktyabr 2009 Çərşənbə 11:25
Şəhidlər məscidinin yanındakı türk bayraqları bu səhər götürülüb
Azərbaycan və Türkiyə arasında bayraq böhranı böyüməkdə davam edir. Bu gün səhər saat 09:00 radələrində Türkiyənin Azərbaycandakı səfirliyinin Dini Xidmətlər Müşavirliyinin qarşısındakı Azərbaycan və Türkiyə bayraqları yığışdırılıb. Bu barədə ANS PRESS-ə Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Müzəffər Şahin bildirib. Onun sözlərinə görə, bayraqlar Mənzil İstismar Sahəsinin əməkdaşları tərəfindən götürülüb. Səbəb barədə isə heç nə deyilməyib.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyinin Dini Xidmətlər Müşavirliyinin binası Şəhidlər Xiyabanının yanında yerləşən və Türkiyə Dəyanət Vəqfı tərəfindən tikilən məscidin yanında yerləşir.

Xatırladaq ki, Şəhidlər Xiyabanında şəhid Türk hərbçilərinin şərəfinə ucaldılmış abidənin ətrafındakı Türkiyə və Azərbaycan bayraqları oktyabrın 15-də yığışdırılsa da, Dini Xidmətlər Müşavirliyinin qarşısındakı Azərbaycan və Türkiyə bayraqlarına toxunulmamışdı.

Milli Məclisin vitse-spikeri Bahar Muradova parlamentin dünən keçirilən iclasında bildirib ki, Türk hərbçilərinin xatirəsinə ucaldılmış abidənin yanındakı bayraqların yığışdırılması "Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" qanunun tələbidir. O bu qanunun indiyə qədər yerinə yetirilməməsini isə səhlənkarlıqla əlaqələndirib.


ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar