Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin I illik simpoziumu keçiriləcək
20 İyul 2010 Çərşənbə Axşamı 16:05
Ceyhun Osmanlı: “Bakının dünyanın beynəlxalq münasibətlərin araşdırılması ilə məşğul olan mərkəzinə çevrilməsində maraqlıyıq”.
Bakı. Elnur Məmmədli – APA. Oktyabr ayının 22-23-də Bakıda beynəlxalq münasibətlər üzrə alimlərin I illik simpoziumu keçiriləcək. APA-nın məlumatına görə bununla bağlı təşkilatçılar bu gün mətbuat konfransı keçiriblər. Tədbirdə çıxış edən simpoziumun Təşkilat Komitəsində Qafqaz Universitetini təmsil edən Rövşən İbrahimov bildirib ki, beynəlxalq münasibətlər Azərbaycan üçün yeni bir sahədir və ilk olaraq bu sahə ali məktəblərdə lazım olan diplomatların yetişməsi ilə məhdudlaşırdı. Azərbaycanın inkişaf etdiyini deyən R. İbrahimov bildirib ki, bu sahə artıq önəmli bir sahəyə çevrilib.
Təşkilat komitəsinin digər üzvü, “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı isə bildirib ki, bu tədbirin ənənəvi konfranslardan fərqi odur ki, burada beynəlxalq münasibətlər üzrə dünyada tanınmış 150 mütəxəssis iştirak edəcək: “Biz istəyirik ki, Azərbaycan və regionla bağlı ciddi araşdırmalar aparılsın. Araşdırmalar simpozium çərçivəsində 3 cildlik kitab şəklində nəşr ediləcək. Nəşr olunmuş kitab dünyanın beynəlxalq münasibətlərlə məşğul olan qurumlarına göndəriləcək”.
C. Osmanlı Bakının dünyanın beynəlxalq münasibətlərin araşdırılması ilə məşğul olan mərkəzinə çevrilməsində maraqlı olduqlarını qeyd edib. Simpoziumda «Regional kontekstə qlobal problemlər», «Regional təhlükəsizliyə aid problemlər – konfliktlər və konflikt sonrası inkişaf», “Cənubi Qafqazda artmaqda olan tendensiya – regionda İnformasiya texnologiyalarının və enerji siyasətinin inkişafı” və digər mövzularda panel iclasları da təşkil ediləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: