Bakıda Azərbaycan-Gürcüstan məsləhətləşmələri keçirilib
04 Noyabr 2011 Cümə 16:36
Məsləhətləşmələrin sonunda tərəflər arasında müzakirə olunan bir sıra məsələlərə dair niyyət protokolu imzalanıb.
Noyabrın 3-4-də Bakıda Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında konsulluq məsələlərinə dair məsləhətləşmələr keçirilib. Xarici İşlər Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan Respublikası nümayəndə heyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Mehriban Nəcəfova, Gürcüstan nümayəndə heyətinə isə Gürcüstan Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Qiorqi Tabatadze başçılıq edib.
Görüşdə Azərbaycan Respublikası ilə Gürcüstan arasında müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin uğurla davam etdirilməsi, xüsusilə cari il ərzində Gürcüstanın yüksək səviyyəli rəsmi şəxslərinin ölkəmizə rəsmi səfəri, eləcə də ölkələrimiz arasında mövcud hökumətlərarası komissiyanın növbəti görüşü nəticəsində əldə olunmuş uğurlar, konsulluq sahəsi üzrə əməkdaşlığın inkişafı kimi məsələlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər konsulluq sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi üçün hazırkı məsləhətləşmələrin keçirilməsinin vacibliyini qeyd edib. Məsləhətləşmələr zamanı Azərbaycan Respublikasında və Gürcüstanda yaşayan tərəflərin vətəndaşlarının hüquqi vəziyyəti, Azərbaycan Respublikası ilə Gürcüstan arasında bağlanmış mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında müqavilədən irəli gələn öhdəliklərin icrası vəziyyəti, hər iki ölkədə əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu, miqrasiya proseslərini tənzimləyən qanunvericilik aktları və onlara edilmiş son dəyişikliklər haqqında məlumat mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycan Respublikasında və Gürcüstanda yaşayan tərəflərin vətəndaşlarının qarşılaşdıqları çətinliklər və onların həlli yolları, ikili vətəndaşlıq və vətəndaşsızlıq hallarının aradan qaldırılması, Azərbaycan Respublikasının və Gürcüstanın cəzaçəkmə müəssisələrində cəza çəkən, tərəflərin vətəndaşı olan məhkumların verilməsi, onlara hüquqi yardımın göstərilməsi istiqamətində əməkdaşlıq kimi vacib məsələlər müzakirə edilib.
Tərəflər məsləhətləşmələr zamanı həmçinin konsulluq əməliyyatlarının aparılması, eləcə də biometrik identifikasiya tələblərinə uyğun sənədlərin istehsalı sahəsində təcrübə mübadiləsinin aparılması istiqamətində razılığa gəliblər.
Məsləhətləşmələrdə Azərbaycan Respublikası nümayəndə heyətinin tərkibində - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Gürcüstan nümayəndə heyətinin tərkibində isə - Gürcüstan Xarici İşlər, Daxili İşlər və Ədliyyə nazirliklərinin, eləcə də Gürcüstanın Bakıdakı Səfirliyinin əməkdaşları iştirak etmiş, və müzakirə olunan məsələlərə dair fikir mübadiləsi aparıblar.
Məsləhətləşmələrin sonunda tərəflər arasında müzakirə olunan məsələlərə dair niyyət protokolu imzalanıb.
DOSTLARINLA PAYLAŞ: