Bakıda Almaniya Xarici Ticarət Palatası açılacaq
14 Mart 2012 Çərşənbə 23:00
Azərbaycan və Almaniyanın xarici işlər nazirləri müvafiq sənəd imzalayıblar.
Azərbaycan və Almaniyanın xarici işlər nazirləri Bakıda Almaniyanın Xarici Ticarət Palatasının təsisi barədə sənəd imzalayıblar. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Bu sənəd Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Bakıda səfərdə olan Almaniya xarici işlər naziri Gido Vestervellenin görüşünün yekunu olaraq imzalanıb.

Elmar Məmmədyarovun sözlərinə görə, görüşdə ikitərəfli, bir sıra regional məsələlər, o cümlədən Suriya, İran nüvə proqramı, Dağlıq Qarabağ münaqişəsi, Avropa İttifaqı-Azərbaycan və NATO-Azərbaycan əməkdaşlığı müzakirə edilib.

Jurnalistlərin «axır vaxtlar Almaniyada Azərbaycana qarşı kampaniya başlayıb» sualına cavab verən Almaniya XİN başçısı Gido Vestervelle deyib ki, «Almaniya mətbuatı azaddır və nəzarət altında deyil. Amma Almaniyada Azərbaycan haqqında fikirlər müxtəlifdir. Azərbaycan inkişafına qiymət verənlər də var», - deyə o bildirib. Nazir xatırladıb ki, Azərbaycan və Almaniya arasında uzunmüddətli əlaqələr mövcuddur və Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub: «Bu onu göstərir ki, biz Azərbaycana çox yaxınıq».


DOSTLARINLA PAYLAŞ:

oyunlar