Bakıda 779 kq dondurmanın satışı dayandırılıb
29 İyun 2011 Çərşənbə 19:16
Ölkənin dondurma bazarında monitorinqlərin aparılmasına başlanılıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dondurma bazarında monitorinqlərə başlayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2095-ci məhəllədə “RAH-96” firmasına məxsus sexdə aparılan yoxlama zamanı südlü və plombir dondurmaların laborator müayinədən keçirilmədən satıldığı, dondurmaların etiketlərində məhsulun qida və enerji dəyərinin resepturada müəyyən edilmiş həddən artıq göstərildiyi, habelə dondurma istehsalı zamanı təbii süddən istifadə edilmədiyi halda plombir dondurmalarının etiketlərində məhsulun tərkibində təbii südün olmasının göstərildiyi müəyyən edilib.

Bundan başqa, yoxlama zamanı plombir dondurmaların resepturasına əsasən, həmin məhsulun istehsalında xammal kimi şokolad, kakao və fıstıq nəzərdə tutulmadığı halda, dondurmaların etiketində məhsulun tərkibində həmin xammalların olduğu, “Solomeya” adlı südlü dondurmanın resepturasında isə məhsulun tərkibində qatılaşdırılmış südün olduğu qeyd edildiyi halda, məhsulun etiketində bu barədə məlumatların göstərilmədiyi müəyyən olunmuşdur. Eyni zamanda, müəssisənin anbarında dondurmaların qablaşdırılmasında istifadə olunan, üzərində məhsulun qida və enerji dəyəri resepturada müəyyən edilmiş həddən artıq göstərilmiş falqa örtükləri aşkar edilib.

Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Qanun pozuntuları ilə əlaqədar, südlü və plombir dondurmaların istehsalının, habelə yoxlama zamanı aşkar edilmiş 779 kq dondurmaların satışının dayandırılması, üzərində məhsulun qida və enerji dəyəri resepturada müəyyən edilmiş həddən artıq göstərilmiş 78 kq falqa örtüklərindən istifadənin dayandırılması və eləcə də müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “RAH-96” firmasına icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar