Bakı ümid edir ki, Gümrüdəki hərbi baza Azərbaycan əleyhinə istifadə olunmayacaq
13 İyul 2011 Çərşənbə 17:42
Elmar Məmmədyariv: "Azərbaycan “Moskvanın öz forpostu ilə münasibətlərinə” müdaxilə etmir".
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, Gümrüdə (Ermənistan) Rusiyaya məxsus hərbi baza Azərbaycan əleyhinə məqsədlərdə istifadə olunmayacaq.
“Bizim Rusiya Federasiyası ilə hərbi-siyasi əməkdaşlığımız da kifayət qədər yüksək səviyyədədir. Düşünmürəm ki, Rusiyanın Gümrüdəki hərbi bazası Azərbaycan və Rusiya Federasiyası arasında münasibətlərin səviyyəsinə zidd olan və Azərbaycana qarşı yönəlmiş hansısa hərəkətlərə yol verəcək”, - deyə E.Məmmədyarov “İnterfaks” agentliyinə bildirib.
Təhlükəsizlik sahəsində Rusiya və Ermənistan münasibətlərinin inkişafını şərh edən xarici işlər naziri deyib ki, Azərbaycan “Moskvanın öz forpostu ilə münasibətlərinə” müdaxilə etmir. “Buna görə Rusiya öz forpostunu necə gücləndirmək və saxlamaq məsələsini özü həll etməlidir. Digər tərəfdən, biz, əlbəttə, hər kəsin öz dəqiq mövqeyini bilməsi üçün daha çox şəffaflıq və qərarların açıq olmasını istərdik”, - deyə E.Məmmədyarov vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: