Bakı-Tur Turizm Agentliyi” MMC-nin direktoru Fayis Məmmədov vəfat edib
10 Yanvar 2012 Çərşənbə Axşamı 12:14
Azərbaycanın turizm sektoruna ağır itki üz verib.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanda turizmin inkişafında mühüm xidmətlər göstərən, “Bakı-Tur Turizm Agentliyi” MMC-nin direktoru, «Skal İnternational Baku»nun qurucularından biri Fayis Davud oğlu Məmmədov dünyasını dəyişib.
Mərhumun ölümünə səbəb mədəaltı vəzin xərçəngi olub. İki ilə yaxın bu xəstəlikdən əziyyət çəkən F.Məmmədov Bakıda torpağa tapşırılıb.
Fayis Məmmədov 1957-ci il noyabrın 12-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Ali məktəbi bitirdikdən sonra 1986-cı ildən 1992-ci ilədək Respublika Turizm və Ekskursiyalar Şurasında müxtəlif məsul vəzifələrdə çalışıb. 1992-ci ildən Azərbaycanda ən iri turoperatorlardan olan “Bakı-Tur Turizm Agentliyi” şirkətinə rəhbərlik edirdi. Onun rəhbərliyi altında bu təşkilat bir sıra uğurlu layihələrə imza atıb, Azərbaycanın turizm və mədəni irsinin beynəlxalq arenada təbliğində aktiv fəaliyyət göstərib, kadr hazırlığı məsələsinə öz töhfəsini verib.
Azərbaycan prezidentinin 18 aprel 2007-ci il tarixli sərəncamı ilə Fayis Məmmədov respublikamızın sosial-ictimai həyatında göstərdiyi xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!
DOSTLARINLA PAYLAŞ: