Bakı - Tiflis - Qars layihəsi gecikir
05 Avqust 2009 Çərşənbə 13:00
Bakı - Tiflis - Qars layihəsi gecikir. Dövlət Neft Fondu isə bu prosesi sürətləndirmək niyyətindədir.

 

Asiyanı Avropayla birləşdirəcək Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin  tikintisində müəyyən ləngimələr yaranıb. Bu ləngimələrə başlıca səbəb isə Gürcüstan tərəfidir. ANSPRESS-in “Trend” agentliyinə istinadən yaydığı məlumata görə, həmin ölkənin "Marabda-Karsaxi dəmir yolu" MMC-nin direktoru Bidzina Breqadze jurnalistlərə bildirib ki, ləngimələrə baxmayaraq, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2012-ci ilə qədər başa çatdırılacaq.
O təsdiq edib ki, layihənin icrası qrafikdən geri qalıb: "İş qrafiki həqiqətən də pozulub. Lakin bu, yekunda ciddi problemlər yaratmayacaq". B.Breqadzenin sözlərinə görə, onlar prosesi sürətləndirmək üçün Azərbaycana gəliblər və Gürcüstandakı son hadisələr vəsaitin köçürülməsinə mənfi təsir göstərib.
O, eyni zamanda texniki problemlərin olduğunu da təsdiq edib: “Gürcüstanla Türkiyəni birləşdirən tunelin tikintisində problemlər yaranıb. Tunelin uçqun təklükəsi olan yerdə tikildiyi müəyyənləşib. Buna görə də layihə dəyişdirilib. İşlər başlayana qədər yeni layihənin təsdiqlənməsi lazımdır", - Breqadze deyib.
Bu məsələ ilə bağlı olaraq Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Azərbaycan ərazisindən keçən hissəsinin inşasını maliyyələşdirməsini həyata keçirən Düvlət Neft Fondu ilə əlaqə saxladıq. Fondan ANSPRESS-ə bildirildi ki, layihənin tikintisində həqiqətən də müəyyən ləngimələr yaranıb. Fondun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Cəmalə Əliyeva bildirdi ki, layihənin Gürcüstan hissəsindən keçən hissəsində müəyyən problem yaranıb. Amma fond rəsmisi bu problemin tezliklə həll olunacağını və işlərin durduğu yerdən davam etdiriləcəyini söyləyib. “Biz çalışırıq ki, layihənin tikintisi prosesinin sürətləndirək və nəzərdə tutulan vaxta qədər işimizi tamamlayaq”.
Layihənin 2012-ci ilə qədər başa çatdırılacağına gəldikdə isə, C.Əliyeva Dövlət Neft Fondunda bu barədə heç bir rəsmi məlumatın olmadığını vurğuladı.
Xatırladaq ki, Bakı-Tiflis-Qars dəmir yolu layəsinin təməli  2007-ci ilin noyabrın 21-də Gürcüstanın Marabda kəndində qoyulub. Hər üç ölkənin – Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə açılış mərasimi keçirilib. Dəmiryolu xəttinin Gürcüstan hissəsinin tikintisini Azərbaycanın «Azərinşaatservis» şirkəti həyata keçirir. Bu layihənin bu ölkə ərazisindən keçən hissəsinin inşasının dəyəri 80 milyon dollardır. Layihənin Türkiyə ərazisindəki 76 kilometrlik hissəsini isə Türkiyənin “Özgün Yapı Çeliklər” şirkəti həyata keçirir. Türkiyə hökuməti layihənin ölkə ərazisindən keçən hissəsinin inşasına 345 milyon dollar vəsait ayırıb.

Aqşin Rafiqoğlu /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar