Bakı Tiflis Qars Dəmiryolu layihəsi İstanbulda müzakirə edilib
02 Mart 2013 Şənbə 11:13
Türkiyə, Azərbaycan və Gürcüstanın nəqliyyat və iqtisadiyyat nazirləri protokollar imzalayıblar.
Bakı-Tiflis-Qars Dəmiryolu layihəsi ilə bağlı Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat və iqtisadiyyat nazirlərinin görüşü başa çatıb. Dəmiryolunun hər üç ölkənin tranzit və kommunikasiya imkanlarını genişləndirəcəyini deyən nazirlər bəyan edib ki, bu ilin sonunda layihənin işə salınması məqsədilə ilk sınaqlar keçiriləcək.
İstanbulda keçirilən layihəsi üzrə üç tərəfli şuranın toplantısında Türkiyə, Azərbaycan və Gürcüstanın nəqliyyat və iqtisadiyyat nazirləri əməkdaşlığın bundan sonrakı mərhələsində görüləcək işləri ehtiva edən protokolları imzalayıblar.
Daha sonra keçirilən mətbuat konfransında Türkiyənin nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binəli Yıldırım Bakı-Tiflis-Qars dəmiryolunun bölgə ölkələri arasındakı dostluğu və qardaşlığı simvollaşdıran bir layihə olduğunu və ilk sınaqların 2013-cü ilin axırında olacağını bəyan edib: “Layihə həyata keçirilməyə başlayandan sonra həm Azərbaycanın Türk dünyası ilə əlaqələri güclənəcək, həm də Marmaray layihəsinin bu dəmiryoluna bağlanmasından Türkiyənin Avropa ilə kommunikasiyası genişlənəcək və beləliklə, tarixi İpək yolu layihəsini dəmiryolu vasitəsilə yenidən gerçəkləşəcək”.
Mətbuat konfransında çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanda 600 kilometr dəmiryolunda yenilənmə işlərinin 2014-cü ildə tamamlanacağını bildirib. Gürcüstanın dəmiryol sisteminin də Azərbaycan tərəfindən yeniləndiyinə diqqəti cəlb edən Məmmədov, bu məqsədlə Azərbaycanın qonşu ölkəyə çox ucuz faizli və 25 il möhlətli 775 milyon dollar kredit ayırdığını deyib.
Jurnalistlərin suallarına cavabında Binəli Yıldırım Marmaray layihəsinə də aydınlıq gətirib və bildirib ki, Marmaray Türkiyəni və Türk dünyasını Avropaya bağlayacaq olan çox önəmli bir layihədir və bu layihə Bakı-Tiflis-Qars Dəmiryolundan 2 ay əvvəl - bu ilin oktyabr ayında başa çatdırılacaq.