Bakı-Tiflis-Qars dəmir yolu üzrə müzakirələr başlayır
02 Avqust 2010 Bazar Ertəsi 11:25
Bu məqsədlə Türkiyə və Gürcüstanın nəqliyyat nazirləri Bakıda səfərdədir.
Azərbaycanda Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə iclas keçiriləcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün keçiriləcək Bakı-Tiflis-Qars yeni dəmir yolu bağlantısı layihəsi üzrə Koordinasiya Şurasının IX iclasında layihənin bir neçə müddəası üzrə müzakirələr aparılacaq,
Tetritskaro-Tsalka (II mərhələ) və Tsalka-Axalkalaki (III mərhələ) dəmir yolu hissələrinin rekonstruksiyası və tikintisi ilə bağlı layihənin təsdiqi, Kartsaxi stansiyasının tikinti layihəsinin təsdiqi, Axalkalaki stansiyasının tikintisi üzrə layihənin işlənməsinin gedişi, “Marabda-Kartsaxi Dəmir yolu” ASC-nin 2010-cu il büdcəsinə dəyişiklik və s. məsələlər barəsində fikir mübadiləsi aparılacaq.
Sabah avqustun 3-də isə bu layihə üzrə Üçtərəfli Əlaqələndirmə Şurasının 2-ci iclası keçiriləcək. Nəqliyyat naziri Ziya Məmmədovun iştirakı ilə keçiriləcək tədbirdə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri Ramaz Nikolaşvilinin başçılığı ilə Gürcüstan nümayəndə heyəti, eləcə də Türkiyənin nəqliyyat naziri Binali Yıldırımın rəhbərlik etdiyi Türkiyə nümayəndə heyəti də iştirak edəcək.
Əlaqələndirmə Şurasının 2-ci iclasında Qars-Axalkalaki sahəsində tikinti işlərinin gedişi, Türkiyə-Gürcüstan sərhədində tunelin layihələndirilməsi və tikinti işlərinin gedişi, 1520 mm. izli vaqonların Türkiyə dəmir yollarındakı qabarit keçidlərinə uyğun texniki parametrlər üzrə görülmüş işlər, Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) dəmir yolunun tikintisi zamanı yerüstü işlərin aparılmasında SNİP standartlarından istifadə edilməsi və digər məsələlərin müzakirəsi nəzərdə tutulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: