Bakı Tbilisi Qars dəmir yoluna 775 mln dollar ayrılacaq
20 May 2011 Cümə 13:31
Azərbaycan və Gürcüstan arasında yeni dəmir yolu ilə bağlı protokol imzalanıb. Bakı Tbilisi Qars dəmir yoluna 775 mln dollar ayrılacaq.
Nəqliyyat Nazirliyində 17-18 may 2011-ci il tarixlərində Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri Ramaz Nikolaişvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən verilən məlumata görə, gürcü nümayəndələri nəqliyyat naziri Ziya Məmmədov qəbul edib.
Görüş zamanı Azərbaycan və Gürcüstan respublikaları arasındakı əlaqələrin inkişafından, tranzit yüklərin daşınma potensialından, xüsusilə də Bakı-Tbilisi-Qars yeni dəmir yolunun tikintisi işlərinin gedişindən və digər məsələlərdən danışılıb.
Müzakirələrdən sonra tərəflər “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti
arasında Sazişə” əlavə və dəyişikliklər barədə protokol imzalayıblar.
Protokolda qeyd edilib ki, sahənin layihələndirilmə, inşa, reabilitasiya-rekonstruksiya işlərinin, həmçinin müvafiq infrastruktur obyektlərinin tikintisinin maliyyələşdirilməsi Azərbaycan tərəfindən Agent-Bank vasitəsilə ümumi məbləği 775 milyon ABŞ dolları təşkil edən kredit xətti hesabına həyata keçiriləcək. Kredit xətti iki tranşdan ibarətdir (Tranş A və Tranş B).
Tranş A - illik dərəcəsi 1% olmaqla 25 il müddətinə 200 (iki yüz) milyon ABŞ dolları həcmində, Tranş B - illik dərəcəsi 5% olmaqla 25 il müddətinə 575 (beş yüz yetmiş beş) milyon ABŞ dolları həcmindədir.
Məlumat üçün deyək ki, Tranş-A çərçivəsində ayrılan vəsait bu layihə ilə bağlı 2007-ci ildən bəri görülən işləri əhatə edir.
Tranş-B-nin ayrılmasının səbəbləri isə son illər dünya bazarında mal-materialların qiymətlərinin qalxması, Marabda-Kartsaxi dəmir yolunun mövcud vəziyyətinin bütün detalları ilə yenidən qiymətləndirilməsi, işlərin kəskin iqlim şəraitində aparılması və s. ilə bağlıdır.
Qeyd edək ki, yüklərin daşınmasının səmərəliliyinin artırılması, həmçinin işlərin daha sürətli və keyfiyyətlə aparılması üçün Azərbaycan və Gürcüstan tərəfi birgə müəssisə yaratmaq qərarına da gəliblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: