"Bakı nefti olmasaydı, qələbə də çalınmazdı"
07 May 2010 Cümə 16:50
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin belə deyib.
II dünya müharibəsində faşizm üzərində qələbənin 65-ci ildönümü ilə bağlı bu gün Bakının Nərimanov rayonunda "Qardaşlıq məzarı"nın yerləşdiyi ərazidə müharibədə həlak olanların şərəfinə ucaldılmış abidə qarşısında mərasim keçirilib. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə keçirilən toplantıda veteranlar, MDB ölkələrinin Azərbaycandaki səfirləri, rayon ictimaiyyəti, eləcə də millət vəkilləri iştirak edib.

Səfirlərin adından çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib ki, Bakı nefti olmasaydı, faşizm üzərində qələbə də çalınmazdı. Tədbirdə iştirak edən 101 yaşlı Nərimanov sakini, veteran Qaraş Qasımovun sözlərinə görə isə, yanacaqdan başqa Azərbaycan müharibə zamanı döyüşçüləri hərbi sursatlarla da təmin edib. Lakin qısqanclıq ucbatından o dövrdə Bakıya "Qəhrəman şəhər" adı verilməyib.

Millət vəkili Mixail Zabelin isə ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini xatırladaraq deyib ki, 2-ci dünya müharibəsi zamanı da almanlar Sovet İttifaqını ələ keçirmək istəyiblər: "Bu arzu puça çıxdığı kimi, Ermənistanın da Azərbaycan torpaqlarını ələ keçirmə arzuları puç olacaq".

Bakıda müharibə zamanı bir neçə hərbi hospitalın fəaliyyət göstərdiyini deyən Nərimanov rayon icra hakimiyyəti başçısı Abdin Fərzəliyevin sözlərinə görə, qardaşlıq məzarında 500 -ə yaxın döyüşçü dəfn edilib.

Tədbirin rəsmi hissəsinin sonunda müharibə veteranlarına Qələbənin 65 illiyi münasibətilə yubiley medalları təqdim olunub, abidənin önünə əklillər qoyulub. Daha sonra diplomatik korpusların nümayəndələri kompleksin ərazisində birgə ağaclar əkiblər. Daha sonra veteranların şərəfinə verilən ziyafətdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ata və babalarımızın müharibədə göstərdiyi şücaət nəticəsində əldə edilmiş Qələbəyə görə onlara təşəkkür edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar