Bakı metrosunda dilənçilərə qarşı xüsusi əməliyyat
07 Avqust 2010 Şənbə 16:55
Saxlanılan dilənçilər arasında azyaşlılar da var.
Bakı metrosunda avaralıq və dilənçiliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. Səhər saatlarından başlayaraq, metronun Əzizbəyov stansiyasında aralarında azyaşlıların da olduğu 25-ə yaxın şəxs saxlanılıb. Saxlanılan şəxslər sərbəst buraxılmaları üçün polisə müqavimət göstərir, özlərini yerə çırpır, bəziləri isə özlərini bayılma halında göstərməklə sərbəst buraxılmalarına nail olmağa çalışıblar.
Bakı şəhər Baş Polis İdarəsinin Bakı metropoliteninin mühafizəsi üzrə polis şöbəsindən verilən məlumata görə, dilənçilərlə qarşı əməliyyat metronun bütün stansiyalarında həyəta keçrilir. Şöbədən saxlanılanları sayı barədə dəqiq məlumatın olmadığı, həmin şəxslərin BŞBPİ-nin İnzibati Həbs Olunanların Saxlama Məntəqəsinə göndəriləcəyi bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 307-1. maddəsinə görə, avaralıqla məşğul olmağa görə vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi yetərli sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir.
Qanunvericiliyə əsasən avaralıqla məşğul olan dedikdə - müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan (qanunvericiliklə müəyyən edilmiş qaydada işsiz statusu almış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: