Bakı Metropoliteninin inkişaf planı müzakirə olunub
04 Noyabr 2010 Cümə Axşamı 19:20
İclasa prezident İlham Əliyev sədrlik edib.
Bu gün prezident İlham Əliyevin sədrliyi ilə Bakı Metropoliteninin perspektiv inkişaf planının müzakirəsinə həsr olunan iclas keçirilib. Dövlət başçısı Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı üçün mühüm layihələrin həyata keçirildiyini və bu istiqamətdə işlərin uğurla davam etdirildiyini bildirib. Hazırda ən müasir körpülərin və yol ötürücülərinin tikildiyini, yeni yolların istifadəyə verildiyini bildirən prezident İlham Əliyev deyib ki, nəqliyyat sektoru həm paytaxtda, həm də regionlarda uğurla inkişaf edir.
Bakının yol infrastrukturunun müasirləşməsi, tıxacların aradan qaldırılması istiqamətində görülən mühüm işlərdən danışan dövlət başçısı metropolitenin nəqliyyat növü kimi böyük əhəmiyyət daşıdığını qeyd edib. Metronun şəhər nəqliyyatının mühüm hissəsini təşkil etdiyini deyən prezident İlham Əliyev bu nəqliyyat növünün ödəniş haqlarının aşağı səviyyədə saxlanılmasının sosial məsələlərin həllinə də töhfə olduğunu söyləyib.
İclasda “Azərtunelmetrotikinti” ASC-nin sədri Şaiq Əfəndiyev, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov çıxış edib.
Sonra Bakı şəhərində metropoliten şəbəkəsinin prioritet istiqamətləri və bu sahədə həyata keçiriləcək işlərlə bağlı konkret məsələlər ətrafında müzakirələr aparılıb. Prezident İlham Əliyevə Bakı Metropoliteninin inkişaf planının sxemləri və təklif olunan metro xətlərinin istiqamətləri barədə məlumat verilib. Dövlət başçısı metropolitenin inkişaf planının ayrı-ayrı mərhələlər əsasında prioritetləri müəyyənləşdirilməklə həyata keçirilməsinin vacibliyini bildirib, bu istiqamətdə görüləcək işlərlə bağlı müvafiq tövsiyələrini verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: