Qadağan olunmasına baxmayaraq, paytaxt küçələrində pirotexniki məmulatlar satılır.
İşdən evə yorğun halda çatmışdım və çörək almaq üçün dükana yaxınlaşanda, elə bildim yanımda bomba partladı. Bəlkə də fikirli olduğumdan bu səs mənə daha da dəhşətli gəldi. Lakin ətrafdakı uşaqların gülüş səsləri özümü toplamağa kömək etdi. Bildim ki, bu, uşaqların bayramqabağı “əyləncə”sidir. Yəqin ki, mənim kimi Yeni il ərəfəsində “parta-part” səsi çox adamı diksindirib.
Bundan başqa, hər il tez alışan maddələr və pirotexniki məmulatların partlaması nəticəsində onlarla uşağın xəsarət alması, çoxlu sayda insanın ani partlayış səsindən qorxaraq müxtəlif xəstəliyə tutulmasına baxmayaraq, bu “əyləncə” Bakı yeniyetmələrinin bayramqabağı ən sevimli məşğuliyyətidir. Sözsüz ki, uşaqların “partladan”ları haradan tapması hamı üçün çox maraqlıdır. Çünki bu tip məmulatların nəinki satılması, hətta ölkə ərazisinə gətirilməsi belə qadağan olunub.
Tez alışan maddələr və pirotexniki məmulatların satılması ilə bağlı polis də mübarizəni gücləndirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ANS PRESS-ə açıqlamasında bildirdi ki, Yeni il bayramı ərəfəsində pirotexniki məmulatlar və tez alışan maddələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə respublikanın bütün polis orqanlarına, o cümlədən Bakı şəhərinin polis idarələrinə, Çevik Polis Alayına göstəriş verilib. Onun sözlərinə görə, Yeni il bayramı ərəfəsində küçə, meydan və digər ictimai yerlərdə yüksək səsyayıcı qabiliyyətə malik oyuncaqlardan istifadə olunması nəticəsində həddən artıq səs-küy yaranır ki, bu da bəzən əhali arasında haqlı narazılığa səbəb olur.
“Məlum göstərişdə belə pirotexniki məmulatların istifadə olunması hallarının qarşısının alınması üçün polis orqanları tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsi tələb olunur”, - deyə E.Zahidov vurğuladı.
Polislə birlikdə Bakı şəhər İcra Hakimiyyəti Ticarət Xidməti Departamentinin əməkdaşları reydlər keçirir. Qurumun mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov ANS PRESS-ə açıqlamasında reydlərə baxmayaraq hələ də belə qanunsuz satışların həyata keçirildiyini deyir. “Çoxu bu “partladan”ları əllərdə, gizli şəkildə satır. Əsasən metronun girişində, tunellərdə bu tipli əşyaları satırlar”.
Doğrudan da, apardığımız müşahidələr zamanı məlum oldu ki, partlayıcı maddələr gizlin şəkildə satılır. 11 yaşlı Bakı sakini Elvinlə söhbət zamanı məlul oldu ki, o, “partladan”ı tanımadığı bir nəfərdən 2 manata alıb. Elvinlə birlikdə bir neçə alverçiyə yaxınlaşıb “partladan” soruşduq və müsbət cavab aldıq.
Belə ki, ölkəyə keçirilməsi qadağan edilsə də, belə partlayıcı maddələr hələ də dövriyyədədir. Əsasən “28 May”, “Gənclik”, “Nəriman Nərimanov” metrosu yaxınlığında, Biləcəri, Binəqədi, Xırdalan və digər kənd yerlərində partlayıcı maddələrin satışına daha çox rast gəlinir. Satıcılarla səmimi söhbət zamanı öyrəndik ki, “partladan”ları onlar gizlin şəkildə alıb, gizlin şəkildə də satırlar. Ölkəyə qaçaqmalçılıqla gətirilən bu məhsulların qiyməti də müxtəlifdir. Tez alışan maddələr və pirotexniki məmulatların qiyməti 1,50 manatdan başlayaraq 10 manata qədərdir.
“Heç bir satıcı bu “partladan”ları açıq satmır. Kim ki, müştərini tanıyır, “partladan”ları ona satır. Axı heç kəs 1 manata görə cəzalanmaq istəməz. İstəsən sənin üçün də “partladan” təşkil edərəm”, - deyə adını gizlədən satıcı bildirdi.
Qeyd edək ki, Yeni il ərəfəsində yoxlamalar zamanı, dekabrın 1-dən bu günə qədər 20 minə yaxın yüksək səs tonuna malik partlayıcı maddələr aşkarlanıb və satışdan çıxarılıb. Lakin hələ də küçədən "partladan" səsləri tam kəsilməyib.