Bakı küçələrində kifayət qədər çox maşın dayanır
11 Oktyabr 2012 Cümə Axşamı 02:01
Biz başa düşməliyik ki, əgər parkinq yoxdursa, maşın sahibi onu haradasa saxlamalıdır?!
Bakının inkişafı ilə bağıl böyük quruculuq, abadlıq işləri aparılır. ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasında deyib. Onun sözlərinə görə, paytaxtda yeni parklar, istirahət zonaları salınır, insanların rahatlığı üçün çox böyük işlər görülür.
Dövlət başçısı bildirib ki, böyük parkinqlər tikilir və bu məsələ çox vacibdir: “Çünki Bakı küçələrində kifayət qədər çox maşın dayanır. Əlbəttə ki, bu, yolverilməzdir. Digər tərəfdən, biz başa düşməliyik ki, əgər parkinq yoxdursa, maşın sahibi onu haradasa saxlamalıdır?! Ona görə biz bu sahədə hesab edirəm ki, ədalətli mövqe nümayiş etdiririk. Parkinqlər tikilənə qədər bu məsələyə bir qədər göz yummaq mümkündür. Amma parkinqlər tikilib istifadəyə verildikdən sonra küçədə bir dənə də olsun maşın qanunsuz olaraq parkinq etməməlidir. Bütün maşınlar parkinqlərdə saxlanılmalıdır. Biz böyük parkinqlər tikirik. Heydər Əliyev Sarayının arxasında bir kilometr uzunluğunda, yüz əlli metr enində ikimərtəbəli parkinq tikilir ki, orada dörd min maşın saxlamaq mümkündür. Azadlıq meydanının altında böyük parkinq tikilir. Orada ən azı iki min maşın saxlamaq mümkün olacaq. Mən Hacıbala Abutalıbova tapşırdım ki, şəhərdə digər yerlər müəyyən edilsin. Boş yerlər çoxdur. O yerlərin altında parkinq, üstündə yaşıllıq zonaları və istirahət parkları tikilməlidir. Ona görə biz bu məsələlərlə bağlı da çox ciddi məşğuluq”.
DOSTLARINLA PAYLAŞ: