Bakı keçidlərindəki Almaniya istehsallı eskalatorlar
22 Fevral 2012 Çərşənbə 15:59
Bülbül prospekti ilə Nizami küçəsinin kəsişməsindəki keçiddə təmir aparılır
Bakıda Bülbül prospekti ilə Nizami küçəsinin kəsişməsində yerləşən keçid təmir edilir. ANS TV-nin məlumatına görə, 3,3 milyon manata başa gəldiyi deyilən yeraltı piyada keçidi artıq bir neçə gündür ki, təmirə bağlanıb. Yeraltı keçidin açılışı 2007- ci ilin sentyabrında ölkə başçısının iştirakı ilə baş tutmuşdu. O zaman prezidentə məlumat verilmişdi ki, iki tərəfə çıxışı olan keçiddə 4 eskalator quraşdırılıb və onların 4-ü də Almaniya istehsalıdır. ANS TV-nin çəkiliş qrupu əraziyə yollananda isı məlum olub ki, elə keçidin təmirə dayanması da məhz həmin eskalatorların işləməməsi ilə bağlıdır.
Keçiddən vaxtaşırı istifadə edən şəhər sakinlərinin sözlərinə görə, eskalatorlarda problemin yaranması birinci dəfə deyil. Bir müddət əvvəl də eskalator təmirə dayanıb və qısamüddətli fasilədən sonra yenidən piyadaların ixtiyarına verilib. Eskalatoru təmir edən ustanın da sözlərinə görə, indiki təmir çox vaxt aparmayacaq. Çünki nasaz olan 4 eskalatordan 3-ü artıq təmir edilib.
"Hava qarlı idi, eskalator donub. İndi təmir edirik", deyə usta Natiq Əsədov bildirdi.
Natiq Əsədovdan "almanların bu eskalatorları quraşdıranda qarlı-şaxtalı havada işləməsini nə əcəb hesaba almayıblar?" soruşduqda isə dedi ki, nə Almaniya... Şəhərdəki bütün eskalatorlar içi bu eskalator qarışıq Çində istehsal olunur. Düzdür, eynən bu tip Almaniya istehsalı olan eskalatorlar da var. Onlar da ancaq metrostansiyalarda quraşdırılıb, vəssalam.
Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov da eskalatorların Çində, amma alman mütəxxəssislər tərəfindən yığıldığını dedi. Deməli, onda belə bir zəruri düzəlişə ehtiyac var. Bakının yeraltı keçidlərinin eskalatorları Çində istehsal olunur. Görəsən, alman dəqiqliyi ilə ? Bax bunu deyə bilməyəcəyik. Çünki, eskalatorların iki gündən bir sıradan çıxması bunu deməyə imkan vermir.
DOSTLARINLA PAYLAŞ: