Bakı-Böyük Kəsik dəmir yolunun daha 7 km-lik hissəsi təmir edilir
23 Dekabr 2011 Cümə 17:25
“Azərbaycan Dəmir Yolları”: “Bu günə kimi 33,5 kilometr yol əsaslı təmir olunub”.
Bakı-Böyük Kəsik istiqamətində 317 km dəmir yolunun daha 7 km-lik hissəsinin əsaslı təmirinə başlanılıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 23-25-də Dəllər-Zəyəm mənzilinin 143-148-ci kilometrində 5,5 km, dekabrın 26-da isə Tovuz-Qovlar mənzilinin 118-120-ci kilometrində 1,5 km yol əsaslı təmir olunacaq.

Məlumat üçün bildirək ki, əsaslı təmir işləri “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi” çərçivəsində Çexiyanın “EximBank”ı tərəfindən ayrılan 215 mln. avro məbləğində kredit hesabına həyata keçirilir.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmirinə bu ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib və bu günə kimi 33,5 km yol əsaslı təmir olunub. Əsaslı təmir işlərinə “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar