Bakı avtobuslarında inanılmaz yenilik .
15 Noyabr 2012 Cümə Axşamı 19:03
Avtobuslarda keçid turniketləri quraşdırılacaq, sürücülər isə maaş sisteminə keçəcək.
Bakıda sərnişin avtobuslarda gediş haqlarının ödənilməsi 2013-cü ilin əvvəlindən kart sistemilə olacaq. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə açıqlamasında bildirib ki, bu proses tədricən genişlənəcək. İlk əvvəl ödənişlər həm nağd, həm də kart vasitəsilə ediləcək. Bunun üçün paytaxtda 3 minə yaxın avtobusun hamısında keçid turniketləri quraşdırılacaq.
Avtobuslarda ödənişlərin kart sisteminə keçməsi zamanı sürücülər də maaşla işləyəcək. Lakin sürücülərin məvacibini Nəqliyyat Nazirliyi deyil, avtobus xətlərini işlədən sahibkarlar müəyyən edəcək.
“Məvacib məsələsilə bağlı bizə çox təkliflər gəlib. Əslində kart sisteminə keçəndən sonra məvacib sistemi özü-özünə bərpa olacaq. Çünki sürücünün əlinə pul dəyməyəcək. Sahibkar da pulu kart vasitəsilə sərnişinin ödədiyi pul əsasında bank hesabından alacaq. Avtomatik olaraq sürücü sahibkarla aylıq məvacibi danışacaq. Nazirlik isə sürücülərin maaş sisteminə qarışmayacaq”, - deyə N.Həsənov bildirib.
Əslində sərnişin avtobuslarında kartla ödəniş sisteminə keçən zaman avtobusların qəzaya uğrama halları da azalacaq. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ANS PRESS-ə açıqlamasında bildirib: “Sürücülərin daha çox qazanc əldə etməsi məqsədilə nəqliyyat vasitələrini necə oldu idarə etməsi, “Yol Hərəkəti haqqında” qaydaları kobud şəkildə pozulması səbəbindən baş verən qəzaların sayı az deyl. Artıq qazanc həvəsi sürücüləri daha ehtiyatlı edər”.
Ekspertlər isə getdikcə bu prosesin daha da təkmilləşdiriləcəyini bildirir. “AzeriCard” Prosessinq Mərkəzinin biznesin inkişafı şöbəsinin müdiri Cahangir Məmmədov ANS PRESS-ə açıqlamasında bildirib ki, bu sistem inkişaf etdikcə, sərnişinlərin rahatlığı da nəzərə alınacaq. “Xüsusi kartlar var, məsələn “Master Card”lar. Həmin kartlar vasitəsilə ödənişdən istifadə etmək mümkün olacaq. Pensiya, yaxud maaş kartları vasitəsilə də ödəniş etmək mümkün olacaq”.
Rəsmilər ictimai nəqliyyatda ödənişlərin kart sisteminə keçməsinin müsbət tərəflərini göstərsələr də, avtobus sürücüləri burada bəzi problemlərin yaranacağını deyirlər. Onlar əsas problemin maaşın necə tətbiq olunacağında görürlər. Gün ərzində ən azı 50 manat qazandıqlarını bildirən sürücülər ayda onlara veriləcək məvaciblərin az olmasından ehtiyat edirlər.
“Mən gündə 150 manat plan verirəm. Əlavə olaraq 60 manata yaxın xərcim çıxır. Özümə gündə ən azı 50 manat pul qalır. Bəzən 70-100 manat da qalır. İndi mənə ayda 300-500 manat verəcəklərsə, bu mənə sərf etməyəcək. Ümumiyyətlə mən kart sisteminə keçidə inanmıram”, - deyə 92 saylı avtobusun İsrail adlı sürücüsü bildirdi.
Sürücülərin maaş məsələsinə gəlincə, sahibkarlar burada müəyyən qaranlıq məqamların olduğunu deyirlər. 92 və 91 saylı xətt avtobuslarının sahibkarı Hacı Mübariz Quliyevin ANS PRESS-ə açıqlamasında bildirib ki, əsas problemin bu sistemin necə həyata keçiriləcəyinin dəqiq məlum olmamasıdır: “Əslində sərnişin nəqliyyatda ödənişin kart sistemi ilə aparılmasına keçid çox yaxşı bir haldır. Lakin bu gün bizim cəmiyyətimiz üçün müəyyən qədər çətinliklər olacaq”.
Sürücülərə məvacibin sahibkarlara verilməsi məsələsinə gəlincə isə Mübariz Quliyev deyir ki, bu, sürücünün bir gün ərzində nə qədər sərnişindən gediş haqqı almasından sonra məlum olacaq. Sahibkar burada dövlət nəzarətinin olmasının vacibliyini də vurğulayıb: “Sürücünün məvacibi dövlət tərəfindən təsdiqlənməsi daha yaxşı olardı. Lakin indidən sürücüyə nə qədər maaş verilməsini dəqiq demək mümkün deyil. Əgər bir gündə avtobusdan 250 manat pul çıxırsa, o zaman xərclər çıxılacaq, sürücüyə qalan məbləğ ödəniləcək”
Ekspertlər isə sürücülərə maaş verilməsinin qanun çərçivəsində verilməsini lazım bilir. Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov ANS PRESS-ə bildirdiyinə görə, sürücüyə əmək haqqı müqavilə əsasında verilməlidir.
“Əmək haqqı müqaviləsi bağlanmalı və sürücü həmin müqavilə şərtləri altında işləməlidir. Sürücünün əmək haqqı düzgün hesablanmalıdır”, - deyə Məzahir Rüstəmov bildirib.
Ekspertin sözlərinə görə, “Əmək müqaviləsi”ndə sürücünün də, sahibkarın da maraqları nəzərə alınmalıdır. Sürücü ilə sahibkar arasındakı “Əmək müqaviləsi”nə isə konkret olaraq Nəqliyyat Nazirliyi birbaşa nəzarət etməlidir: “İnandırım sizi, indi 500 manata işləmək istəməyən sürücü, bu sistem tətbiq olunandan sonra hətta 300 manata da işləmək istəyəcək. Hazırda peşəkar sürücülər çoxdur və onlar hazırkı sistemdə işləmək istəmirlər. Amma sürücülər məvaciblə işləsə və gediş haqqı kartla ödənilərsə, həm xidmət yaxşılaşar, həm də peşakar sürücülərin sayı çoxalar”.
Ekspert deyir ki, bu zaman sərnişindaşımada xidmət yüksək səviyyəyə qaldırıla bilər.
DOSTLARINLA PAYLAŞ: