Bakı aeroportundan bir sıra Avropa aviareysləri təxirə salınıb
25 Dekabr 2012 Çərşənbə Axşamı 10:27
Avropanın bir sıra şəhərlərində hava şəraitinin uçuş üçün əlverişsiz olduğu bildirilir.
Bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) 037 saylı Bakı-Roma aviareysi təxirə salınıb. Heydər Əliyev Beynəlxalq Hava Limanından "APA-Economics"ə verilən məlumata görə, bu gün saat 07:55-də yerinə yetirilməli Bakı-Roma aviareysi təxirə salınıb və bu marşrutla növbəti uçuşun həftənin şənbə günü saat 07:55-də həyata keçiriləcəyi gözlənilir: "Eyni zamanda bu gün "Lufthansa" aviaşirkətinin 613 saylı Bakı-Frankfurt aviareysi də təxirə salınıb. Bu aviareys Frankfurt-Bakı aviareysinin yerinə yetirilməməsi səbəbindən həyata keçirilməyib. Bildiyiniz kimi, Frankfurt-Bakı aviareysi Bakı hava limanında endikdən sonra Aşqabad istiqamətində havaya qalxır. Ötən gün Frankfurt-Bakı aviareysi yerinə yetirilmədiyi üçün müvafiq olaraq 612 saylı Bakı-Aşqabad aviareysi də təxirə salınıb. Həmin reyslər bu həftənin cümə günü yerinə yetiriləcək".
Aeroportdan qeyd olunub ki, Bakı-Frankfurt aviareysləri hər həftənin II, V və VII günləri saat 04:50-də yerinə yetirilir.
Bundan başqa hava limanından bildirilib ki, ötən gün 643 saylı "Austrian Airlines" aviaşirkətinin Vyana-Bakı və 644 saylı Bakı-Vyana aviareysləri üzrə də uçuşlar növbəti uçuş gününə kimi həyata keçirilməyib. Bakıdan Vyanaya uçuşlar hər həftənin I, IV, V və VII günləri saat 17:55-də yerinə yetirilir.
Aeroportdan təxirə salınmaların səbəbini bildirməsələr də, Avropanın bir sıra şəhərlərində hava şəraitinin uçuş üçün əlverişsiz olduğu bildirilir.
DOSTLARINLA PAYLAŞ: