Bahar Muradova: "Faktaraşdırıcı missiyanın hesabatı vaxtında açıqlanmalıdır"
03 Mart 2011 Cümə Axşamı 13:26
Bahar Muradova: "ATƏT öz öhdəliyinə əməl etməlidir".
"Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq aparmış ATƏT-in faktaraşdırıcı missiyası öz işini çoxdan yekunlaşdırıb. Missiya monitorinqin nəticələri ilə bağlı hesabatını hələ ötən il açıqlamalı idi. Təəssüf ki, hesabat hələ də açıqlanmayıb və bunun səbəbi haqqında da heç bir məlumat verilmir". Bu fikirləri YAP-ın saytına Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, bu məsələ ATƏT PA-nın qış sessiyası zamanı qaldırılıb. Onun sözlərinə görə, işğal olunmuş ərazilərdəki vəziyyət ölkəmizin ictimaiyyətinə məlumdur. Amma missiyanın hesabatı Azərbaycan üçün ona görə əhəmiyyətlidir ki, həmin hesabatdakı faktlar Ermənistanın işğalçılıq mahiyyətini və işğal olunmuş ərazilərimizdə beynəlxalq hüquqa zidd addımların atılmasını bir daha dünya ictimaiyyətinə çatdıracaq.
"Biz tələb edirik ki, ATƏT və onun strukturları öz öhdəliklərinə əməl etsinlər. Onların öhdəliyindən biri də bu hesabatı vaxtında açıqlamaqdır. Məlum olduğu kimi faktaraşdırıcı missiyanın bölgəyə səfəri məsələsi BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı sənədin müzakirəsi ərəfəsində ortaya çıxmışdı. Bu missiya ilə bağlı təklif veriləndən sonra Azərbaycan tərəfi həmin sənədin BMT-də müzakirəsini təxirə saldı. Hesab edirəm ki, hesabatın açıqlanmaması BMT-nin də bu yöndəki işinə mane olur. Əgər hesabat açıqlanarsa, işğal olunmuş ərazilərə dair məlumatlar daha dolğun olar. Bu, eləcə də, istər danışıqlar, istərsə də beynəlxalq təşkilatlarda müzakirələr zamanı istinad üçün mühüm bir sənədə çevrilə bilər"-deyə vitse-spiker vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: