«AzSığorta» Azərbaycanda ilk dəfə «Mobil sığortaçı» layihəsinin icrasına başlayıb
17 Yanvar 2012 Çərşənbə Axşamı 11:40
Azərbaycanın «AzSığorta» ASC ölkədə ilk dəfə olaraq «Mobil sığortaçı» layihəsinin icrasına başlayıb.
Bu barədə «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Abbas Babayev bildirib.
A.Babayevin sözlərinə görə, «Mobil sığortaçı» layihəsi «Zəng edin - gələk» devizi altında həyata keçirilir. Layihə çərçivəsində vətəndaşlar (012) 565 66 66, (012) 505 66 66 və ya (050) 446 66 66 nömrələrinə zəng edərək sığorta şəhadətnamələrini əldə edə bilərlər. Bunun üçün şirkətin əməkdaşları sifariş olunan ünvana gəlir və yerində vətəndaşlara xidmət göstərirlər.
A.Babayev bildirib ki, layihənin məqsədi vətəndaşlara göstərilən xidmətləri daha da təkmilləşdirmək və müştərilərin rahatlığını təmin etməkdir.
Qeyd edək ki, «AzSığorta» ASC 2006-cı ildən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə 28 könüllü və 4 icbari sığorta növü üzrə sığorta xidmətləri təklif edir. Şirkətin 200-dən çox əməkdaşı var. Şirkət 7 regional filialı vasitəsilə bütün ölkəni əhatə edib. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalının həcmi 19,860 mln. manat təşkil edib. Şirkətin rəhbərliyi, o cümlədən aparıcı işçi heyəti Avropa təhsilli və sığorta sektorunda kifayət qədər təcrübəyə malik olan şəxslərdən təşkil olunmaqla, mövcud və potensial müştərilərin sığorta ehtiyaclarının düzgün müəyyən olunmasına, habelə sığorta bazarının dəyişən tələblərinə operativ cavab verməklə yüksək səviyyəli sığorta xidməti göstərməyə imkan verir.
Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 20,788 mln. manat, sığorta ödənişləri isə 1,978 mln. manat olub. Şirkət ötən il üzrə yığımların həcminə görə ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk üçlüyə daxildir.
DOSTLARINLA PAYLAŞ: