Azpromo WAIPA-nın Direktorlar Şurasının iclasında iştirak edib
20 Aprel 2012 Cümə 21:49
İclasda investisiyaların cəlb edilməsi ilə bağlı müzakirələr aparılıb.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) Direktorlar Şurasının iclasında 2010-cu ildən bu qurumun üzvü olan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) nümayəndəsi də iştirak edib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə dünyanın bir çox ölkələrindən dövlət qurumlarının, özəl sektorun, elm və ictimai birliklərin nümayəndələri, investisiyaların təşviqi agentliklərinin rəhbərləri iştirak edib.

WAIPA-nın Direktorlar Şurasının iclasında qurumun fəaliyyət istiqamətləri, investisiyaların cəlb edilməsi və s. məsələlərlə bağlı müzakirələr aparılıb. Tədbir çərçivəsində WAIPA-nın 2012-ci ildəki illik iclasının sentyabr ayında Dubay şəhərində keçirilməsi barədə razılıq əldə olunub.

Tədbirdə Azpromo-nun rəhbəri Adil Məmmədov Azpromo və WAİPA arasındakı əlaqələr və gələcək əməkdaşlıq perspektivlərinə dair təşkilata üzv ölkələrin nümayəndələri ilə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1995-ci ildə İsveçrənin Cenevrə şəhərində təsis edilmiş İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) dünyanın 161 ölkəsindən olmaqla 245 üzvü var. Azpromo Cənubi Qafqaz və MDB ölkələri arasında WAIPA-nın Direktorlar Şurasına üzv seçilən yeganə təşkilatdır. WAIPA-nın məqsədi investisiyanın təşviqi agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində təcrübə və bu sahədə məlumat mübadiləsi, investisiyanın təşviqi strategiyasının formalaşdırılmasında üzv təşkilatlara dəstək göstərməkdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar