“Azəriqaz” Bakı-Mozdok magistral qaz kəmərindəki partlayışla bağlı rəsmi məlumat yayıb
14 Aprel 2012 Şənbə 10:36
İlkin olaraq ərazidən yol açılışı olacaq, təmir-bərpa işlərinin görülməsi ilə bağlı qərar verilib.
Ötən gün partlayış baş verən Bakı-Qazıməmməd-Mozdok magistral qaz kəməri ərazisinə baxış keçirilir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yerinə “Azəriqaz” İstehsalat Birliyinin sədr müavini Nazim Səmədzadənin rəhbərlik etdiyi işçi briqadası gəlib. Bölgə müxbirinin məlumatına görə, ilkin olaraq ərazidən yol açılışı olacaq, təmir-bərpa işlərinin görülməsi ilə bağlı qərar verilib.

Hadisə ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi rəsmi açıqlama yayıb. Məlumatda Bakı-Qazıməmməd-Mozdok magistral qaz kəmərinin 1200 mm-lik “Altıağac-Ağsu” magistral qaz xəttində sızma və sonradan yanğın baş verdiyi bildirilir. Görülən tədbirlər nəticəsində kəmərlə qaz nəqli dayandırılaraq, yanğın söndürülüb. Hadisə nəticəsində Xızı rayonunun Altıağac qəsəbəsinə mavi yanacağın verilişi dayandırılıb.

Hal-hazırda alternativ magistral kəmərlə qaz nəql olunur. Qəza-bərpa işləri başa çatana qədər Altıağac qəsəbəsi qazsız qalacaq. Respublikanın digər yaşayış məntəqələrinin qazla təchizatında heç bir problem yoxdur.

Xatırladaq ki, ötən gün saat 23.00 radələrində Mozdok-Qazıməmməd qaz kəmərinin Şamaxı rayonundan keçən hissədində partlayış baş verib. Artıq həmin hissədəki yanğın söndürülüb. ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Partlayış güclü olduğundan onun səsi Siyəzən, Dəvəçi və Quba rayonlarının kəndlərində də eşidilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar