Azərbaycanlılarla ermənilər arasında kütləvi dava
18 Noyabr 2010 Cümə Axşamı 09:55
İranda baş verən münaqişə zamanı bir neçə nəfər saxlanılıb
Çərşənbə günü İranın şimal-qərbində yerləşən Təbriz şəhərində gənc azərbaycanlılar ilə ermənilər arasında kütləvi dava olub. ANS PRESS-in İran mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə İranın Azərbaycan əsilli xalq qəhrəmanı Səttarxanın ölümünün 96-cı ildönümü münasibətilə keçirilən anım mərasimində baş verib.
Azərbaycan kütləvi informasiya vasitələrinin versiyasına görə, insidentə bir qrup erməni oğlan və qızın aksiyada iştirak edən azərbaycanlılara yaxınlaşaraq onların ünvanına təhqiramiz ifadələr işlətməsi səbəb olub.
Ermənistan mətbuatının məlumatına görə isə, azərbaycanlılar bu söhbətdən sonra “Ya Qarabağ, ya ölüm” şüarları səsləndirərək ermənilərə qarşı təzyiq göstəriblər.
Hadisə yerinə İranın təhlükəsizlik orqanlarının nümayəndələri gəliblər. Onlar vəziyyətə müdaxilə edərək münaqişə iştirakçılarından bir neçə nəfəri saxlayıblar.
Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayonu Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
DOSTLARINLA PAYLAŞ: