Azərbaycanlıları erməni qızlarının əli ilə ləkələyirdilər
22 Mart 2013 Cümə 14:19
Nazim Məmmədov ötən əsrin 70-80-ci illərində perspektivi olan kadrları müxtəlif yollarla sıradan çıxaran ermənilərdən danışıb.
DİN-in sabiq şöbə rəisi Nazim Məmmədov “Qafqazinfo”ya ötən əsrin 70-80-ci illərində ermənilərin Azərbaycanın hüquq-mühafizə orqanlarına necə yol tapmasından danışıb:

Gizli təşkilatın üzvü olub

Nazim Məmmədov 1950-ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə 132, sonra isə 158 nömrəli orta məktəbdə təhsil alıb. 1968-ci ildə indiki Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. N.Məmmədov qısa müddət ərzində özünü fəal ictimaiyyətçi kimi tanıda bilib. 1970-ci ildə “Demokratik qrup” adlı gizli tələbə təşkilatı yaradan Nazim müəllim ətrafına xeyli gənc toplaya bilib. Mərhum eks-prezident Əbülfəz Elçibəylə tanışlıq N.Məmmədovun və tələbə yoldaşlarının həyatında yeni səhifə açıb.

Nazim Məmmədov deyir ki, onlara Şərq ölkələrinin tarixindən dərs deyən Əbülfəz Elçibəy öz tələbələrini bir çox gizli mətləblərdən agah etməyə çalışırmış. Həmin vaxta kimi onlar üçün qaranlıq qalan bir çox məqamların üstündəki sirr pərdəsi məhz Əbülfəz Elçibəyin sayəsində aradan götürülüb: “Elçibəyin mühazirələrini dinləyəndən sonra biz özümüzə azərbaycanlı deyil, azəri deməyə başladıq. Gizli təşkilat yaratmaqda əsas məqsədimiz gələcəkdə böyük vəzifələr tutmaq idi. Mən və tələbə yoldaşlarım istəyirdik ki, gələcəkdə Azərbaycanda bütün məsul vəzifələri ələ keçirib, bu yolla öz millətimizə xidmət edək. Dövlət Təhlükəsizlik Komitəsi bizim təşkilatın mövcudluğundan 1977-ci ildə xəbər tuta bilmişdi. Vaxtilə “Demokratik qrup” adlı gizli təşkilat yaratmağım uzun müddət parlaq karyera qurmağıma mane oldu”.

Ermənilərin gizli planı

N.Məmmədov ali məktəbi 1973-cü ildə bitirib. Həmin ilin avqust ayında daxili işlər orqanlarına təyinat alan Nazim müəllimin ilk iş yeri Nəqliyyatda Baş Polis İdarəsində yeniyetmələr üzrə baş müfəttiş vəzifəsi olub. Üç il bu vəzifədə çalışan N.Məmmədov 1977-ci ildə Daxili İşlər Nazirliyində (DİN) siyasi tərbiyə işləri üzrə şöbəyə keçirilib. O, 4 il siyasi tərbiyə işləri üzrə şöbədə, 4 il də kadrlar şöbəsində çalışdığı üçün DİN-in “mətbəxinə” yaxından bələd ola bilib: “Həmin illərdə hüquq-mühafizə orqanlarında məsul vəzifələrin çoxunu qeyri-millətlərin nümayəndələri tuturdu. Təbii ki, bu siyahıya ermənilər başçılıq edirdilər. DİN-in kadrlar idarəsində Amalya Qaykovna Kasparova adlı bir erməni qadın vardı. O, uzun müddət kadrlar idarəsində çalışmışdı. 1982-ci ildə həmin Amalya Kasparovanı kadrlar idarəsində komplektləşdirmə şöbəsinə rəis müavini təyin etdilər. 1985-ci ilin yanvarında məlum oldu ki, Amalya Kasparova 2 il ərzində 34 ermənini Bakıda fəaliyyət göstərən islah-əmək müəssisələrində mülki vəzifələrə təyin etdirib. Həmin dövrdə islah-əmək müəssisələri DİN-ə tabe olduğu üçün Kasparova bu niyyətini asanlıqla həyata keçirə bilib. Həmin illərdə islah-əmək müəssisələrində zabit vəzifəsində çalışan ermənilər də az deyildi. Amma Amalya Kasparova bununla paralel olaraq, həm də mülki ermənilərin həbsxanalarda işlə təmin olunmasına çalışırdı. Onun 2 il ərzində Azərbaycan həbsxanalarında işə düzəltdiyi 34 mülki erməninin əksəriyyəti ya katibə, ya da mühasib vəzifəsində çalışırdı. Kasparova həmin adamların əli ilə ona lazım olan məxfi sənədlərin hamısını ələ keçirə bilirdi”.

Azərbaycanlı katibin erməni katibəsi

N.Məmmədov deyir ki, həmin dövrdə müxtəlif dövlət qurumlarında çalışan ermənilərin əsas vəzifəsi milliyyətcə azərbaycanlı olan gənc kadrları ləkələmək olub. Onun sözlərinə görə, DİN-də bu işi Amalya Kasparova görürmüş: “Kasparovanın işi erməniləri müxtəlif vəzifələrə təyin etdirməklə bitmirdi. O, həm də perspektivi olan azərbaycanlı kadrları ləkələyir, müxtəlif yollarla onları sıradan çıxarmağa çalışırdı. Həmin illərdə qayda belə idi ki, təqaüdə çıxan yüksək rütbəli zabitlərin sənədləri təsdiqlənmək üçün əvvəlcə Moskvaya göndərilirdi. Bu isə bir çox zabitlərə imkan verirdi ki, Moskvadakı tanışlarının əli ilə özlərinin vəzifə ömrünü bir neçə il uzatsınlar. Kasparova həmin illərdə kadrlar idarəsində çalışan ayrı-ayrı əməkdaşlara deyib ki, təqaüdə göndərilən zabitlərin sənədlərini birbaşa nazirə təqdim etsinlər. Təcrübəsiz olduqları üçün Amalya Kasparovanın bu “məsləhətinə” əməl edən zabitlərin hamısı şikayət əsasında sonradan işdən çıxarıldı. Mən, rəhbərliklə görüşüb, onları Kasparovanın bu çirkin əməlləri barədə məlumatlandırsam da, onunla bağlı heç bir ölçü götürülmədi. Bunun da əsas səbəbi odur ki, Amalya Kasparovanı həmin dövrdə Azərbaycan KP MK-nın katibi vəzifəsində çalışan İsa Məmmədovun milliyyətcə erməni olan katibəsi himayə edirdi. Ümumiyyətlə, sovet dövründə milliyyətcə azərbaycanlı olan perspektivli kadrların çoxunu erməni qızlarının əli ilə ləkələyirdilər”.

N.Məmmədovun vaxtilə gizli təşkilatda təmsil olunması onun karyerasına ağır zərbə vurub. 11 il kapitan rütbəsi daşıyan Nazim müəllim 1985-ci ildə Bakının Qaradağ rayonundakı 3 saylı islah-əmək müəssisəsinə dəstə rəhbəri göndərilib. DİN-in mərkəzi aparatında tutduğu vəzifədən çıxarılıb, Qaradağda bir kolona dəstə rəhbəri göndərilməsi belə onun ermənilərə qarşı mübarizə əzmini qıra bilməyib: “Rəhbərlik etdiyim dəstədə adətən 35-36 məhbus olurdu. Amma iş çox olanda məhbusların sayı da artırdı. Əsas işimiz meyvəçilik sovxozları üçün beton sütunlar hazırlamaq idi. Bir ara dəstəmizdəki erməni məhbusların sayı 9 nəfərə çatdı. Elə həmin günlərdə bizə çox ağır bir iş tapşırdılar. Dərhal dəstədə olan ermənilərin hamısını işə çıxardım. Bizim kolonda Qurqen adlı milliyyətcə erməni olan bir zabit vardı. Qurqen rejim üzrə inspektor idi. Erməniləri işə çıxarandan 15 dəqiqə sonra Qurqen yanıma gəlib, bir qədər ehtiyatla məndən soruşdu ki, dəstəndəki ermənilərin hamısını eyni vaxtda işə çıxarmaq nə dərəcədə doğrudur? Qurqenə pis üz göstərdim. Ona dedim ki, hansı məhbusu işə çıxarmaq dəstə rəhbəri kimi mənim vəzifəmə daxildir. Sənə xəbərdarlıq edirəm ki, bir də mənim işimə qarışmayasan. Bu söhbətdən sonra Qurqen sakitcə kabineti tərk etdi və bir də mənim işimə qarışmadı. Dəstə rəhbəri olduğum 2 il ərzində ən ağır işlərə həmişə erməniləri göndərirdim”.

Oğlu Ziya Bünyadovu eşitməyib

1987-ci ilin aprelində Qaradağdakı 4 saylı xüsusi komendaturaya siyasi işlər üzrə rəis müavini təyin olunan N.Məmmədov 4 il bu vəzifədə çalışdıqdan sonra 1991-ci ildə sərəncama göndərilib. Bir neçə ay işsiz qalan Nazim müəllim rəhbərliyin etinasızlığından təngə gələrək, daxili işlər orqanlarından uzaqlaşmağa qərar verib: “Bir gün Elmlər Akademiyasına gedib, rəhmətlik Ziya Bünyadovla görüşdüm. Ziya müəllimə ixtisasca tarixçi olduğumu və elmi işlə məşğul olmaq istədiyimi dedim. Amma Ziya müəllim elmi işlə məşğul olmağıma yaxşı baxmadı. Dedi ki, sənin 41 yaşın var, bundan sonra elm sahəsində uğur qazanmağın çox çətindir. Ancaq sonra nə fikirləşdisə, telefona əl atıb, oğlu Valeri Bünyadovu aradı. O, Valeriyə mənim haqqımda məlumat verəndən sonra xahiş etdi ki, məni öz yanında münasib bir işlə təmin etsin. Amma Valeri Bünyadov atasını eşitmədi. Bundan sonra Ziya müəllim mənə dedi ki, yaxın vaxtlarda Azərbaycan milisi haqda ensklopediya hazırlanacaq. Narahat olma, səni də heyətə daxil edəcəyəm. Amma 1991-ci ilin noyabrında sabiq daxili işlər naziri Məhəmməd Əsədov vertolyot qəzasında həlak olduğu üçün ensklopediyanın hazırlanması baş tutmadı və mən yenidən milis sisteminə qayıtmalı oldum. Əvvəlcə Məhkəmə Qərarlarının İcrasının Baş Qərargahında, sonra isə DİN-də inspektor işlədim. Sıravi inspektor olduğum halda bir il sonra məni DİN-də şöbə rəisi təyin etdilər. 1997-ci ilə kimi DİN-də şöbə rəisi işlədim. 1997-ci ilin yanvarında raport yazıb işdən çıxdım. Harada işləməyimdən asılı olmayaraq, heç vaxt haqqı nahaqqın ayağına verməmişəm. Buna görə də indi insanların üzünə şax baxa bilirəm...”


DOSTLARINLA PAYLAŞ:

oyunlar