Azərbaycanlılardan Haiti üçün 20 qəpiklik ianə
19 Fevral 2010 Cümə 10:40
Suraxanıdakı 140 saylı orta məktəbin müəllimi şagirdlərdən pul toplanması barədə məlumatı təkzib edib
Bakının Suraxanı rayonunda yerləşən məktəblərdən birində Haitidə baş verən zəlzələdə yaralananlara kömək məqsədi ilə ianə toplanılır. ANS TV-yə daxil olan bu xəbər maraqlı olduğu kimi, kifayət qədər müəmmalı idi. Çünki hadisə nəticəsində altı üstünə çevrilən bir ölkə üçün Suraxanı rayonunun 140 saylı məktəbinin yardımı nə edə bilər? Verilən məlumata görə, hər şagird bu məqsədlə 20 qəpik verməlidir ki, bu da 280 nəfərlik şagirdi olan məktəbdən сəmi 56 manat yardım deməkdir.

ANS TV-nin əməkdaşları əvvəlcə bu xəbərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün valideyn adı ilə 140 saylı məktəblə telefon əlaqəsi saxlayıb. Telefonu götürən və özünü Ədilə müəllimə kimi təqdim edən qadın xəbəri təsdiqləyib.

“Bəli, Haitidə zəlzələ qurbanlarına yardım məqsədi ilə yuxarı sinif şagirdlərindən 20 qəpik yardım toplanır”, deyə Ədilə müəllimə qeyd edib.

Telefon zəngindən sonra ANS TV-nin əməkdaşları məktəbə yollanıblar.

Məktəb direktoru Məcid Rəsulov deyilənlərlə razılaşmayıb. Onun sözlərinə görə, məktəbdə bir neçə gün əvvəl pul yığılıb. Amma bu şagirdlər arasında deyil, müəllimlər arasında yığılıb və 1-2 manat civarında olub.

“Vəsait Haitiyə yardım məqsədi ilə deyil, Təhsil Nazirliyi ilə Qızıl Aypara Cəmiyyətinin birgə layihəsi əsasında kimsəsiz və yoxsul insanlara, o cümlədən köməyə ehtiyacı olanlara kömək məqsədi ilə toplanıb. Vəsait könüllülük prinsipi əsasında yığılıb və toplanan 70 manat mühasibatlığa keçirilib. Bununla bağlı imzalı möhürlü sənəd var”, deyə direktor qeyd edib.

Söhbət əsasında direktor Bakı Şəhər Baş Təhsil İdarəsinin 140 saylı məktəbə ünvanladığı rəsmi sənədi də göstərməyi yaddan çıxarmayıb. Sənəddə Qızıl Aypara Cəmiyyəti ilə könüllü şəkildə əməkdaşlıq edilməsi tövsiyə edilir.

M. Rəsulov hər hansı bir müəlliminin bu ad altında şagirdlərdən pul tələb etməsi ilə bağlı ehtimalının da araşdırılacağını qeyd edib: “Əgər hər hansı bir qanun pozuntusuna yol verilibsə, həmin şəxslər barəsində ciddi tədbirlər görüləcək”.

O ki qaldı, Ədilə müəllimənin deyilənləri təsdiq etməsinə Məcid Rəsulov həmin müəlliməni məktəbə dəvət edib. Ondan bu faktın təsdiqlənməsində hansı əsasları olduğunu soruşub. Telefonda “Bəli, Haitiyə yardım üçün ianə toplayırıq”, deyən Ədilə müəllimə elə bil Haiti adını ilk dəfə eşidirmiş kimi dediklərini təkzib edib:

“Mən elə deməmişəm. Dedim ki, bizim məktəbdə Qızıl Aypara Cəmiyyətinə üzvlük pulu yığılır. Biz onu demişik”.

Qeyd edək ki, təhsil naziri Misir Mərdanovda bu təşəbbüs müəllifinin kim olmasından asılı olmayaraq bu ideyaya müsbət münasibətini açıqlayıb. “Təqdirəlayiq bir addımdır. Əgər bir dövlətin şagirdləri bu cür təşəbbüs göstərirsə, niyə də təqdirə layiq olmasın?”.

20 qəpik civarında şagirdlərdən pul yığılmasından Qızıl Aypara Cəmiyyətinin sədr müvini Qafar Əsgərzadə məlumatsız olduğunu desə də, cəmiyyətin artıq bir necə ildir ki, Təhsil Nazirliyi ilə əməkdaşlıq etdiyini təsdiqləyib.

“Bizim məktəblərdə üzvlərimiz var. Üzvlər könüllülük əsasında qəbul olunurlar. Müəllimlər ildə 2 manat, şadirdlər isə 20 qəpik üzvlük haqqı verməlidirlər. Əgər kimsə özü ianə verirsə, o zaman bu da nəzərə alınır”, deyə Qafar Əsgərzadə bildirib.

Yığılan pulların məhz Haiti sakinlərinə yardım məqsədi ilə yığılmasına gəlincə Qafar Əsgərzadə bildirdi ki, baş vermiş zəlzələdən sonra ümumiyyətlə Haitiyə yardım yığılması nəzərdə tutulmayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar