Azərbaycanlılar Fransanın Torontodakı Baş Konsulluğu qarşısında etiraz aksiyası keçiriblər.
28 Yanvar 2012 Şənbə 17:26
Yanvarın 27-də Kanadada yaşayan azərbaycanlılar Fransanın Toronto şəhərindəki Baş Konsulluğunun binası qarşısında etiraz aksiyası keçiriblər
. Bu barədə APA-ya hazırda Torontoda yaşayan soydaşımız Hüseyn Türkel məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlılar Fransa Senatının uydurma «erməni soyqırımı»nı inkar edənlərin 1 il müddətinə azadlıqdan məhrum edilməsi və 45 min avro miqdarında cərimələnməsini nəzərdə tutan qanun qəbul etməsinə etirazlarını bildiriblər: «Aksiyada azərbaycanlılarla yanaşı Kanadada yaşayan digər türklər də iştirak ediblər. Üç saat davam edən aksiyada Torontonun mərkəzində Yonge-Bloor dörd yolu boyunca yürüş keçirilib və Fransa əleyhinə şüarlar səsləndirilib. Soydaşlarımız əllərində Azərbaycan, Türkiyə və Kanada bayraqları ilə «Sarkoziyə ar olsun!», «Fransada senzuraya son qoyulsun!», «Həqiqəti öldürməyin!», «Tarixi tarixçilərə buraxın!», «Fransada demokratiya və söz azadlığı qorunsun!» və s. şüarlar səsləndiriblər və eyni məzmunlu plakatlar nümayiş etdiriblər. Aksiya bəyanatın oxunması ilə başa çatıb».

H.Türkel əlavə edib ki, erməni diasporunun bir neçə fəalı aksiyanı pozmağa cəhd göstərib və piket iştirakçılarını təxribata çəkməyə çalışıb. Nəticədə, aqressivliyi ilə seçilən və nümayişçilərə təhqirlər yağdıran bir erməni Kanada polisinin müdaxiləsi ilə hadisə yerindən uzaqlaşdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar