Azərbaycanlılar erməni məktəbində təhsil alırlar
04 Noyabr 2009 Çərşənbə 17:15
Neçə illərdir ki, Marneuli rayonundakı Xocornu kəndindəki erməni məktəbində Azərbaycan sektoru fəaliyyət göstərir.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tsopi kəndindəki Azərbaycan orta məktəbində isə erməni şagirdləri təhsil alır. Xocornu kəndində 350 ailədən 50-si azərbaycanlıdır. Hal-hazırda məktəbdəki Azərbaycan sektorunda 9 şagird təhsil alır. Onların təhsili ilə 4-5 müəllim məşğul olur. Məktəbdə azərbaycanlı şagirdlər üçün 2 otaq ayrılıb. Əvvəllər burada soydaşlarımızın təhsili üçün istənilən şərait olub və məktəbdə 60-70 nəfər şagird təhsil alıb. Son illərdə bu məktəbdə soydaşlarımızın sayı tamamilə azalıb. Kəndin azərbaycanlı sakinləri işsizlik səbəbilə Azərbaycana və Rusiyaya köçüblər. Məktəbdə isə oxumaq üçün lazımi şərat olmadığından bəzi valideynlər onsuz da sayları getdikcə azalan şagirdləri qonşu Sadaxlı kəndindəki orta məktəblərə aparırlar. Azərbaycan sektorunda bu ildən onuncu sinif fəaliyyət göstərir. Bu siniflər üzrə şagirdlər məktəbi bitirdikdən sonra məktəbdə Azərbaycan sektoru fəaliyyət göstərməyəcək. Marneuli Rayon Təhsil Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov APA-ya bildirib ki, Xocornu məktəbində milli-etnik zəmində heç bir problem yoxdur: “Şagirdlər normal oxuyurlar. Onları Azərbaycandan gətirilmiş dərsliklərlə təmin etmişik. Ermənistan da erməni şagirdlər üçün dərsliklər göndərib. Əsas problem ixtisaslı kadrların olmamasıdır. Bu il biz Xocornu məktəbinə güc-bəla ilə 3 nəfər müəllim göndərmişik. Əgər məktəbi ixtisaslı kadrlarla təmin etməsək, Azərbaycan sektoru tezliklə bağlanacaq”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar