Azərbaycanlı gənclər Polşada yürüş keçiriblər
28 Fevral 2013 Cümə Axşamı 08:26
Vrotslav şəhərində yaşayan azərbaycanlı gənclər Xocalı qətliamının qurbanlarını yad edib.
Xocalı qətliamının qurbanlarını yad etmək üçün bu il Polşanın Vrotslav şəhərində yaşayan azərbaycanlı gənclər bir sıra tədbirlər təşkil ediblər. Bu barədə ANS PRESS-ə həmin şəhərdə yaşayan tələbə soydaşımız Mübariz Rəhimli məlumat verib. Onun sözlərinə görə, ilk öncə faciə haqda şəhər sakinlərini və burada olan turistləri məlumatlabdırmaq məqsədi ilə fevralın 24-də şəhərin mərkəzi küçələrində, o cümlədən mərkəzi meydan olan Rınekdə Xocalı soyqırımından bəhs edən müxtəlif şüarlar yazılmış plakatlar və Azərbaycan bayraqları ilə yürüş keçirilib. Aksiya zamanı həmçinin faciə haqda qısa məlumatın yer aldığı bukletlər şəhər sakinlərinə və turistlərə paylanıb, onlara bu günün Azərbaycan üçün önəmi və Qarabağın işğalı barədə məlumat verilib. Vrotslavda təhsil alan bir neçə türkiyəli tələbə də aksiyada yaxından iştirak edib.

M.Rəhimli bildirib ki, fevralın 26-da Wroclawın Musiqi və Ədəbiyyat Klubunda Monqolustanlı rəssam Odpurev Qanxvyaqın sərgisinin açılışı olub. Sərgidə rəssamın Xocalı faciəsinə həsr etdiyi "Xarı Bülbül" kompazisiyası da nümayiş etdirilmişdir. Sərginin açılışında iştirak edən Mübariz Rəhimli, Cavid Zeynalov və Ruslan Ələkbərov rəssamın Azərbaycan xalqı üçün xüsusi önəm daşıyan 26 fevralda açılışı baş tutmuş sərgisində Xocalı faciəsinin qurbanlarını öz əsəri ilə andığı üçün alqışlayıblar. Öz növbəsində monqol rəssam "Xarı Bülbül" əsərini Cavid Zeynalovun təklifi ilə çəkdiyini və Xocalı faciəsi haqda oxuduqlarının ona təsir etdiyini bildirib.

Sərgi iki həftə boyunca şəhər sakinləri üçün açıq olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar