Azərbaycanlı əsir Eldar Tağıyev Ermənistanda başına gələnləri danışdı
06 Noyabr 2010 Şənbə 22:15
Eldar Tağıyev güclü təzyiqlərlə üzləşdiyini deyib.
Tovuz rayonunun Əlibəyli kənd sakini, Ermənistanda 1 ilə yaxın girovluqda saxlanılmış və noyabrın 4-də Azərbaycan tərəfinə təhvil verilmiş Eldar Tağıyev artıq ailəsi ilə birlikdədir. 10 ay erməni girovluğunda olan və noyabrın 4-də Azərbaycana təhvil verilən Eldar Tağıyev ANS-ə eksklüziv müsahibə verib. O, Ermənistanda başına gələnlərdən danışıb. Amma Əlibəylidəki evində deyil, Tovuz rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər şöbəsinə yerləşdirilib. Onun səhhəti ilə bağlı müəyyən şübhələrin mövcudluğu buna əsas yaradıb.
Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər şöbəsinin müdiri Nazəkət Tağıyeva bildirib ki, Eldar Tağıyev gələndə təziqi bir az yüksək olub, indi ümumi vəziyyəti normaldır.
Eldar Tağıyev əsir düşməsinin təfərrüatları haqda danışıb: “Balıq tutmağa düşdüm, üşüdüm sonra siqaret çıxardım. Baxanda gördüm iki silahlı, daha sonra bir nəfər yaxınlaşdı. Onlar məni maşına mindirib apardılar”.
Eldar Tağıyevin sözlərinə görə, onu əvvəlcə 2 gün İcevanda saxlayıblar, sonra isə İrəvana aparıblar. Daha sonra təzyiqlər yolu ilə Ermənistan telekanallarında yalan ifadələr verməyə məcbur edilib.
“Məni məcbur edirdilər deyim ki, mən Vətəni istəmirəm, orada yaşayış yoxdur. Guya qaz, işıq yoxdur. Cavab verdim ki, bizdə hər şey var. Soruşdular niyə keçmisən? Dedim məni, balıq tutanda tutublar”,- deyə Ermənistanda girovluqda saxlanılan Eldar Tağıyev bildirib.
Ona üçüncü ölkəyə getməyi təklif ediblər, amma bununla razılaşmayıb. Vətənə dönmək istədiyini söyləyib. Onun sözlərinə görə, əvvəlcə güclü təzyiqlər göstərilsə də, Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşları ilə görüşündən sonra vəziyyəti normallaşıb. O, İrəvandakı təcridxanada başqa azərbaycanlıları da görüb.
“Mən siqaret çəkməyə gedib-gələndə 2 nəfər gördüm. Onlarla maraqlananda biri Ağdam, digəri isə Goranboydan olduğunu dedi. Sonra eşitdim ki, may ayında Rafiq adlı biri əsiri Beynəlxalq Qızıl Xaç Komitəsi aparıb”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: