Azərbaycanlı deputatlar AŞPA-da Sarkisyana etiraz etdi
22 İyun 2011 Çərşənbə 23:05
Qənirə Paşayeva: "Azərbaycanda heç bir ermənifobiya yoxdur, ancaq Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır".
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti Ermənistan prezidenti Serj Sarkisyanın çıxışını etirazla qarşılayıb. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bununla bağlı ANS-ə bildirib ki, AŞPA-nın proseduruna görə, hər bir ölkənin rəhbərinin assambleyada çıxışı zamanı suallara cavab vermək imkanı var. Amma millət vəkilinin sözlərinə görə, Ermənistan prezidenti öz çıxışı ilə bu vaxtı tamamilə tutub və çoxlu sayda millət vəkillərinin suallarına cavab verməyib.

“Sarkisyan öz vaxtının çoxunu öz çıxışı ilə doldurdu. Amma onun Azərbaycan əleyhinə çıxışlarından və səsləndirdiyi fikirlərdən sonra Azərbaycan nümayəndə heyəti açıqlamalarla çıxış etdi. Biz bu açıqlamalarda Ermənistan prezidentinin səsləndirdiyi fikirlərin tamamilə yanlış olduğunu vurğuladıq. Biz hamımız çıxışlarımızda qeyd etdik ki, Ermənistan prezidenti burada Avropa Şurasının qəbul etdiyi 14.16 saylı qətnamənisinin nə zaman yerinə yetiriləcəyi ilə bağlı heç bir açıqlama vermədi. Bununla da o, ermənilərin Avropa Şurasının qərar və qətnamələrinə hörmətsizliyini göstərdi”, - deyə Q.Paşayeva vurğulayıb.

Fikirlərinə davam edən millət vəkili qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Ermənistan prezidentinin buna görə cavab verməsini tələb edib. Onun sözlərinə görə, bunun üçün təzyiq mexanizmləri işə salınmalı və Ermənistan rəhbərliyinin addımlarına laqeyd qalınmamalıdır.

Q.Paşayeva deyib ki, onlar AŞPA-nın iclasında Azərbaycanda heç bir ermənifobiyanın olmadığını digər ölkələrin millət vəkillərinin diqqətinə çatdırıb: “Azərbaycanda heç bir ermənifobiya yoxdur. Azərbaycanda bu gün də ermənilər yaşayır. Ancaq Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamır”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar