Azərbaycanlı alim Lütfi Zadə Prezident İlham Əliyevə məktub yazıb
01 İyul 2011 Cümə 00:17
Lütfi Zadə: “Biz - Azərbaycanın oğul və qızları belə parlaq gələcəyi olan ölkəni görməkdən qürur hissi duyuruq”.
Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadə Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazıb. Məktubun mətnini “AzərTAc” dövlət agentliyi yayıb. Lütfi Zadə məktubunda bildirir ki, bu yaxınlarda 90 illik yubileyimə həsr olunmuş və San- Fransiskoda keçirilmiş “Soft Kompyutinq” üzrə dünya konfransının açılış mərasimində rabitə və informasiya texnologiyaları naziri, professor Əli Abbasov Azərbaycanın dövlət başçısının adından ona “Dostluq” ordenini təqdim edib. “Məni bu yüksək ordenlə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu ordenin mənim üçün xüsusi əhəmiyyəti vardır. Çünki bu ordenlə məni Azərbaycan Respublikasının Prezidenti - Siz təltif etmisiniz. Mən Sizi dünyada əksər liderlərdən yüksəkdə duran dünya lideri kimi görürəm”, - məktubda deyilir.
Lütfi Zadə bildirib ki, İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan dünyada rəqabət aparan və dayanıqlı bir dövlətə çevrilib: “Mən informasiya texnologiyaları sektorunun inkişafına xüsusi önəm verilən Azərbaycanda qeyri-neft iqtisadiyyatına transformasiyadan məmnunam. Əminəm ki, bir neçə ildən sonra informasiya texnologiyaları, eləcə də R&D (tədqiqat və inkişaf) və yüksək texnologiyaların ixrac qabiliyyətinə görə Azərbaycan geniş regionda həqiqi liderə çevriləcək”.
“Azərbaycan getdikcə daha gözəl və cəlbedici ölkəyə çevrilir. Sizin rəhbərlik etdiyiniz bu ölkə bütün sahələrdə böyük və mütərəqqi inkişaf əldə edib. Azərbaycan yaşamaq üçün ən yaxşı yerlərdən biri olacaq. Biz - Azərbaycanın oğul və qızları belə parlaq gələcəyi olan ölkəni görməkdən qürur hissi duyuruq. Xaricdə yaşayan həmvətənlərə göstərdiyiniz dəstəyə görə Sizə çox təşəkkür edirəm. Mənə göstərdiyiniz yüksək diqqət və qayğı buna bariz nümunədir”, - Lütfi Zadə məktubunda yazıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: