Azərbaycanlı aktrisa: "Yaxşı Cazibə"nin belə bitməsi milli qürurumu sındırdı
19 İyun 2012 Çərşənbə Axşamı 22:41
Teleserialın finalı filmin tamaşaçılar arasındakı cazibədarlığının istiqamətini yaxşıdan pisə doğru dəyişdirib.
Xəbər verildiyi kimi, Türkiyənin ATV kanalında yayımlanan “Yaxşı Cazibə” teleserialının sonuncu seriyası azərbaycanlılarda ciddi narazılıq yaradıb. Serialdakı Azərbaycanlı qadın obrazının təsviri sosial şəbəkələrdəki çoxsaylı etiraz yazılarında Azərbaycan qadının təhqir edilməsi kimi qəbul olunur.
Xəbər verildiyi kimi, Türkiyənin ATV kanalında yayımlanan “Yaxşı Cazibə” filminin ssenari müəllifi Qani Müjden seriala gözlənilməz yekun vurub. Serialboyu namuslu, ailəcanlı, sevdiyi insan üçün fədakarlıq edən azərbaycanlı qadın - Cazibə serialın final bölümündə pul üçün kişilərlə evlənən, onları aldadan bir qadın kimi təqdim edilib. Azərbaycan qadının belə təhqir olunması ölkəmizdə kəskin etirazlara səbəb olub. Məsələ ilə bağlı fikirlərini açıqlayan Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu serialda ilk başdan azərbaycanlı qadının yanlış təqdim olunduğu deyir. Onun fikrincə, serialın məhz belə təqdim olunması Türkiyə - Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır.
“Yaxşı Cazibə” serialının baş məsləhətçisi, Azərbaycanın tanınmış aktrisası, Məlahət Abbasova isə ANS-ə açıqlamasında bildirdi ki, serialın bu sonluqla bitməsi milli qürurunu sındırıb. Aktrisa finalın belə bitəcəyindən xəbərsiz olduğunu deyib: “Həmin bölümü bu gün izlədim, həqiqətən şoka düşdüm. Mənim filmin istehsalçısı “Süreç film”lə müqaviləm Cazibənin olduğu müddətə qədər idi. Mən həmin vaxtadək orada baş məsləhətçi vəzifəsində olmalı idim. 92-ci seriyada Cazibə Kamalı tərk edib Bakıya dönür, mənim də baş məsləhətçi vəzifəm burada bitir. 92-ci seriya çəkiləndən sonra mən Bakıya gəldim və yenidən qayıtdım Türkiyəyə. Sonra mənə dedilər ki, 93-cü seriya da çəkilib. Amma mən bundan xəbərsiz olmuşam. Mən elə bildim ki, Cazibə Bakıya gedən kimi serial bitəcək”.
Məlahət Abbasova onu da dedi ki, filmin ssenaristi və rejissoru ilə əlaqə saxlamağa cəhd edib. Onlar buna heç bir aydınlıq verə bilmədiyini və belə bir finaldan çox üzüldüyünü deməklə kifayətləniblər. Azərbaycanlıların türk seriallarında dayə, qulluqçu kimi rol almalarına gəldikdə isə aktrisamız bunun günahının özümüzdə olduğunu deyir. Onun sözlərinə görə, bizim qadınlarımızın əksəriyyəti Türkiyəyə bu məqsədlə gəlir və türklərin də təsəvvüründə bizlər belə qalırıq.
Filmin bu cür başa çatması tək azərbaycanlıların deyil, türklərin də qəzəbinə səbəb olub. Türkiyə mətbuatının yazdığına görə, ssenarist sonluğun belə bitməsini filmin baş rol ifaçısı Aslihan Gürbüzlə bağlı olduğunu deyib. Belə ki, Aslihan Gürbüz bundan sonra filmdə çəkilməmək qərarına gəlib. Buna görə də ssenarist aktrisadan “intiqam almaq” istəyib. Filmin rejissoru Ali Gündoğlu finaldakı hadisələri belə izah edib: “Biz filmin finalını yanvar ayında çəkməyə qərar vermişdik. Serialın bitməsi Cazibə ilə əlaqəli deyil. Əgər filmi davam etdirmək istəsək, başqa aktrisa ilə çalışa bilərdik. Həm də bu cür layihələr sadəcə aktyor yox, rejissor işidir”.