Azərbaycanlı akademik Aygün AttarPan Gi Muna məktub yazıb
29 Dekabr 2011 Cümə Axşamı 03:24
Məktubda Ermənistan rəhbərliyinin müharibə cinayəti ilə mühakiməsi tələb olunur.
Türkiyəli akademik professor Aygün Attar BMT-nin baş katibi Pan Gi Muna məktub yazaraq Ermənistanın müharibə cinayəti ilə mühakimə olunmasını tələb edib. Girəsun universiteti Ədəbiyyat fakultəsi tarix kafedrasının müdiri Aygün Attar həmçinin Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən ayrılmasını tələb edib. Azərbaycan əslli akademik həmçinin məktubda Fransa parlamentində qəbul edilən qondarma soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun Türkiyədə fəaliyyət göstərən azərbaycanlı akademik, işadamı və sənətkarları da narahat etdiyini yazıb. “Bu qanun layihəsi Fransanın ermənilərə tərəfkeşlik etməsi həqiqətini rəsmən sübuta yetirdi. Belə bir addım Fransaya yaraşmadı. Bu, azad fikir və insan haqlarına zid, elmin susdurulmasına istiqamətlənmiş, tarixin müzakirəsinə mane olan, izahı mümkünsüz bir hadisədir”.
Bundan başqa professor 1992-ci ildə Xocalıda meydana gələn qətliamlar qarşısında susan Fransanı ikiüzlü olmaqda ittiham edib, onların bu hərəkətinin ikili standart olduğunu qeyd edib. “Xocalıda baş vermiş soyqırımı qarşısında səsini çıxarmayan və tükünü belə tərpətməyən Fransanın 1915-ci ildə baş verdiyini iddia etdiyi hadisələr barədə lazımsız canfəşanlığı və ikiüzlülüyü bizə görə ikili standartın nümayişidir. 1992-ci ildən bəri ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan Fransa artıq Azərbaycan Ermənistan münasibətlərinə tərəfsiz yanaşa bilməyəcəyi üçün bu vəzifədən təcili ayrılmalıdır. Xocalı qətliamının törədilməsində əli olan bu günkü Ermənistan rəhbərliyi isə müharibə cinayəti ilə mühakimə olunmalıdır”.
Qeyd edək ki, məktubu azərbaycanlı akademiklər Süleyman Dəmirəl universitetindən professor, baş nazirin müşaviri Qeybulla Ramazanoğlu ilə professor Abdulla Əliyev, İstanbul Texniki universitetindən professor Rafiq Mehdi, TOBB universitetindən professor Saleh Sultansoy, Qazi universitetindən professor Tofiq Məmmədov imzalayıb.
DOSTLARINLA PAYLAŞ: