Azərbaycanla Latviya arasında 3 sənəd imzalanıb
17 Yanvar 2011 Bazar Ertəsi 17:35
Azərbaycanla Latviya arasında 3 sənəd imzalanıb. İmzalanma İlham Əliyevin Riqaya səfəri çərçivəsində baş tutub.
Prezident İlham Əliyevin Latviyaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlərin imzalanma mərasimi olub. İlham Əliyev və Valdis Zatlers “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə bəyannaməsi”ni imzalayıblar.
“Azərbaycan Respublikasının Hökuməti ilə Latviya Respublikasının Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Latviyanın daxili işlər naziri xanım Linda Murniese imzalayıblar.
“Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə qarşılıqlı inzibati yardım və informasiya mübadiləsi haqqında saziş”i Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Latviyanın Gəlirlər üzrə Dövlət Agentliyinin baş direktoru xanım Nelija Jezdakova imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Latviya prezidentləri İlham Əliyevin və Valdis Zatlersin birgə mətbuat konfransı keçirilib.
Dövlət başçıları bəyanatlarla çıxış edib, jurnalistlərin suallarına cavab veriblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: