Azərbaycanla Küveyt arasında bir neçə sənəd imzalanıb
11 Yanvar 2011 Çərşənbə Axşamı 14:35
İki ölkənin birgə komissiyasının birinci iclası keçirilib.
Yanvarın 10-da Azərbaycanla Küveyt arasında əməkdaşlıq üçün birgə komissiyanın birinci iclası keçirilib. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, iclas zamanı siyasi və diplomatik, iqtisadiyyat və ticarət, investisiya və maliyyə, sənaye və energetika, hərbi, ali təhsil və elmi tədqiqatlar, nəqliyyat, rabitə və informasiya texnologiyaları, turizm, informasiya və mədəniyyət, səhiyyə və ekologiya, gənclərlə iş və idman sahələrində iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Tərəflər iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər. Küveyt tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. İslam Konfransı Təşkilatının (İKT) Zirvə Görüşünün 2014-cü ildə Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın təklifi Küveyt tərəfindən alqışlanıb və Azərbaycanın 2013-cü il üçün BMT-in Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəkləyəcəyini bildirilib.

Birinci iclasın sonunda Azərbaycan və Küveyt arasında aşağıdakı sənədlər imzalanıb:

1. Azərbaycan hökuməti ilə və Küveyt hökuməti arasında əməkdaşlıq üçün birgə komissiyanın birinci iclasının Protokolu;

2. Azərbaycan hökuməti və Küveyt hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş;

3. Azərbaycan hökuməti və Küveyt hökuməti arasında diplomatik xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında Saziş.

Tərəflər əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında məsləhətləşmələr və müzakirələrin aparılmasının davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edilməlidir ki, iclasda Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Küveyt nümayəndə heyətinə isə Küveyt Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd əs-Sabah rəhbərlik edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar