Azərbaycanla İran arasında razılıq əldə olunub
04 Dekabr 2011 Bazar 16:25
Tehranda səfərdə olan Əli Həsənov İran KİV-lərinin antiazərbaycan təbliğatının dayandırılmasının zəruriliyini vurğulayıb.
İranda səfərdə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İranın Milli Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərqami, onun müavinləri Məhəmməd Sərəfraz, Seyid Məhəmməd Hüseyni ilə görüşlərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının teleradio sahəsində və ümumi informasiya məkanındakı real vəziyyəti ətraflı təhlil edilib.

Görüşlərdə Azərbaycanın və İranın mövcud informasiya siyasəti, bölgənin teleradio məkanındakı imkanları və sərhədətrafı yayım siyasəti, iki ölkə arasında mətbuat-informasiya sahəsində real vəziyyət, xüsusən də son dövrdə iki ölkənin real vəziyyətini təhrif edən ayrı-ayrı kütləvi informasiya vasitələrinin fəaliyyəti müzakirə edilib və müvafiq razılıq əldə olunub.

Əli Həsənov Azərbaycanda söz və mətbuat azadlığından, teleradio məkanındakı ən yeni nailiyyətlərdən, informasiya texnologiyalarının müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Tərəflər Azərbaycan-İran münasibətlərini pozmaqda maraqlı olan bəzi daxili və xarici qüvvələrin informasiya məkanından məharətlə istifadə etdiklərini diqqətə çatdırıblar. Qarşılıqlı antitəbliğat kampaniyası ölkələrimizin milli və dövlətçilik maraqlarına zidd olduğu bildirilib.

Azərbaycanın milli maraqlarına və təhlükəsizliyinə təsir edən məsələlərlə bağlı fikirlərini davam etdirən Ə.Həsənov İran kütləvi informasiya vasitələrinin antiazərbaycan təbliğatının dayandırılmasının zəruriliyini vurğulayıb. İnformasiya məkanında hər iki ölkə bir-birinə hörmətlə yanaşmalı olduğunu bildirib. Ə.Həsənov bildirib ki, eyni məzmunlu tələbləri İranın da Azərbaycandan ummağa mənəvi haqqı var. Azərbaycanın və İranın tarixi taleyi tələb edir ki, onlar mehriban qonşuluq və səmimi dostluq şəraitində yaşasınlar. Bunun üçün hər iki tərəf bir-birinin ictimai-siyasi həyatına, daxili işinə və idarəçiliyinə hörmətlə yanaşmalıdır. Azərbaycan Respublikası hüquqi və dünyəvi dövlətdir. Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik inkişaf yolunu şüurlu olaraq seçibdir və özünün işıqlı gələcəyinin təmin edilməsi üçün bu yolu bundan sonra da davam etdirmək əzmindədir. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycan insan hüquqlarının qorunmasına, azad sözün və mətbuatın inkişafına, eləcə də dini etiqad azadlığına hörmətlə yanaşır. Lakin Azərbaycan heç zaman kənardan ölkə həyatına süni şəkildə demokratiya və dini təriqətlərin idxal olunmasına yol verməyəcək.

İ.Zərqami keçirilən görüşdən tam məmnun olduğunu nümayəndə heyətimizin diqqətinə çatdıraraq Azərbaycan Respublikasına rəsmi səfərinin xoş təəssüratlarından danışaraq qeyd edib ki, Azərbaycanın və İranın informasiya məkanlarında qarşılıqlı maraqlara uyğun sağlam mühitin formalaşması ilə bağlı Əli Həsənovun bütün fikir və mülahizələri ilə tam razıdır. İstənilən cəmiyyətdə sağlam mühitin yaranması üçün, ilk növbədə sağlam informasiya məkanının qurulması zəruridir. Eləcə də, qarşılıqlı münasibətlərdəki səmimiliyin və dostluğun vacib göstəricilərindən biri də sağlam informasiya mühitinin mövcudluğudur. Azərbaycana və İrana aid informasiya məkanında tam sağlam mühitin formalaşması üçün geniş imkanların mövcudluğundan söhbət açan İ.Zərqami qeyd edib ki, bu sahədə hərtərəfli, qarşılıqlı və səmərəli əməkdaşlıq əlaqələrinin yaranması vacibdir.

Görüşlərdə Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov və Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov müzakirə olunan məsələlərlə bağlı mülahizələrini söyləmiş və təkliflərini verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar